DYP-dən sürücülərə və piyadalara müraciət


Bakı şəhər Dövlət Yol Polis İdarəsi yollarda baş verən bədbəxt hadisələrlə bağlı hərəkət iştirakçılarına müraciət edib.


İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, yaz mövsümü ilə əlaqədar paytaxt yollarında istər piyada qismində, istərsə də velosiped, skuter və bu kimi digər nəqliyyat vasitələrinin hərəkətliliyi əsaslı şəkildə hiss olunmaqdadır:

“Bu da mövsümə xarakterik olaraq təbii qiymətləndirilir. İstər piyada qismində, istərsə də sürücülərin gündəlik hərəkətlərinin gecə saatlarına qədər davam etməsi yol hərəkəti qaydalarının pozulması və bu fonda bir sıra bədbəxt hadisələrin artmasına gətirib çıxarır.

Baş vermiş yol-nəqliyyat hadisələrinin səbəblərinə gəldikdə isə müxtəlif, lakin eyni məzmun və xarakterli hallarla rastlaşırıq. Əsas səbəb isə bir çox hallarda yol hərəkəti qaydalarının pozulması və ya bəzi insanların bu həyati əhəmiyyətli qaydaları ciddiyə almamağından irəli gəlir”.

DYP əməkdaşı vurğulayıb ki, sürücülər yolda müəyyən olunmuş sürət həddini görüb ona əhəmiyyət vermirsə, öz yolu ilə hərəkətdə olan, nəqliyyat axınında digər sürücülərə hörmətsizlik edərək nümayişkaranə şəkildə qarşı hərəkət zolağına çıxıb ziqzaqvari formada ötmə, manevr etməklə və yaxud yolayrıcını keçmə qaydalarını bilərəkdən və kobud şəkildə pozub, ara məsafəsi saxlamayıb, etdiyi qanunsuz hərəkətlərin nəticəsinə görə cavabdehlik daşıdığını unudurlarsa, bu, sadəcə, məsuliyyətsizlikdir: “Bunun sonu isə heç də hər zaman inzibati məsuliyyətlə bitmir”.

Araz Əsgərli qeyd edib ki, piyadalar küçə və yolları onlar üçün nəzərdə tutulan yerlərdən keçməlidir: "Məhdudiyyətli görünmə, yəni duman, yağış, qar şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə diqqətli olun, qulaqlıqdan istifadə ətrafdakı avtomobillərin səsini eşitməyə imkan vermədiyi üçün yolu keçərkən ondan istifadə etməyin. Çalışın ki, yolunuz son mənzilə yox, mənzil başında sizi gözləyən doğmalarınızın yanına olsun!”



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu