"Qaraheybət" qəzasında şəhid olanların ailələri sığorta pulunu ala bilmir


2021-ci il noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində şəhid olanların ailələri hadisənin üstündən 9 ay keçməsinə baxmayaraq hələ də sığorta pullarını ala bilməyiblər.


Bu barədə anews.az-a açıqlamasında tibb xidməti kapitanı şəhid Ceyhun Əhmədxanovun atası Xanlar Əhmədxanov və şəhid polkovnik Elçin Nəbiyevin oğlu Hüseyn Nəbiyev bildirib.

"Bütün sənədləri yığıb Dövlət Sığorta Agentliyinə təqdim etdim. Bir necə ay sonra cavab barəsində öyrənəndə dedilər ki, sənədlər DOST Mərkəzinə verilib. Mərkəzdən məlumat almaq istəyəndə isə deyirlər hələ gözləyin. Dövlət Sərhəd Xidmətindən 9 ay müddətində hər ayın sonu zəng edib sorşurlar ki, sığorta pulunu almısınızmı? Biz hesabat yazmalıyıq. Mən də sonuncu dəfə əsəbləşib dedim ki, məndən niyə soruşursunuz? Bizi elə get-gələ salıblar. Nə pulumuzu ala bilirik, nə də getdiyimiz ünvanı dəqiq bilirik", - deyə Xanlar Əhmədxanov deyib.

Şəhid polkovnik Elçin Nəbiyevin oğlu Hüseyn Nəbiyev də sığorta pulunu ala bilmədikləri üçün narazılıq edir.

"Vərəsəlik anama verilib. 2021-ci yanvarında DOST xidmətinə yaxınlaşıb sənədləri təqdim etdik. Dedilər 1 ay müddətinə pul veriləcək. Bir-iki aydan sonra dedilər ki, sizin ödənişlərin köçürülməsi prosesi Azərsığorta şirkətinə verilib. Azərsığorta şirkətindən maraqlananda cavab verilidi ki, həmin şirkətə ümumiyyətlə bununla bağlı hər hansı göstəriş verilmətib. DOST mərkəzində atamın şəhid olması ilə bağlı olan sənədin əslini də itiriblər. Hansı ki, o sənəd yalnız bir dəfə verilir. Bu yaxınlarda yenə uzun get-gəldən sonra yenidən sənədlər bi yerə yığılıb və bildiriblər ki, yenə gözləyin. Elə yollarda qalmışıq. Nə pulu ala bilirik, nə də bizə bunun niyə gecikməsinin səbəbini izah edə bilmirlər", - şəhidin oğlu söyləyib.

Saytımıza müraciət edən hər iki şəhidin yaxınları bildirir ki, helikopter qəzasında şəhid olanların yalnız 3-nün ailəsi sığorta pulunu ala bilib.

Məsələ ilə bağlı Azərsığorta şirkətinə və DOST Mərkəzinə göndərdiyimiz sorğulara hələ cavab verilməyib. Sorğuya cavab alan kimi xəbər yenilənəcək.

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub, 2 nəfər isə yaralanıb. Helikopterin qəzaya uğraması nəticəsində üç polkovnik, beş mayor, dörd kapitan, iki leytenant və bir podratçı həyatını itirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu