Əli Əsədov QƏRAR İMZALADI


Nazirlər Kabineti “Təbii ehtiyatlara görə ödəmələrin, çirkləndirici maddələrin təbii mühitə atılmasına görə ödəmələrin tətbiqi və həmin ödənişlərdən əmələ gələn vəsaitdən istifadə haqqında” 3 mart 1992-ci il tarixli qərarında dəyişiklik edib.



AFN xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərar ətraf mühitə çirkləndirici maddələrin atılmasına görə ödəniş normativlərinin yeni iqtisadi şəraitə uyğunlaşdırılması və təbiətdən istifadəçilərin ətraf mühitin mühafizəsi sahəsində fəaliyyətinin tənzimlənməsi, tullantıların atılmasına, axıdılmasına və yerləşdirilməsinə görə onların məsuliyyətinin artırılmasına nail olmaq məqsədilə qəbul edilib.

"Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı nəticəsində ətraf mühitə təsirlər getdikcə artmaqdadır. Təsərrüfat və digər fəaliyyətlər üçün müəyyən edilmiş ekoloji və texnoloji tələblərə, qüvvədə olan standartlara və ətraf mühitin kəmiyyət, keyfiyyət normativlərinə riayət etmək, ətraf mühitin mühafizəsi və təbii resursların bərpası üzrə tədbirləri həyata keçirmək üçün ətraf mühitin çirkləndirilməsinə görə ödəniş normativlərinin yenilənməsinə zərurət yaranıb.

Belə ki, qüvvədə olan mövcud qiymətlər 1992-ci ilin iqtisadi göstəricilərinə görə təsdiq edilib. Bu da hazırki dövrün tələblərinə cavab vermir və ölkənin iqtisadi inkişafı ilə uzlaşmır. Bu normativlər ötən dövr ərzində baş vermiş iqtisadi devalvasiyalar nəticəsində öz təsir qüvvəsini itirmişdir və buna görə də müəssisələr qarşısında ciddi məsuliyyət yaratmır.

Ötən dövr ərzində Azərbaycan BMT-nin “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” Bazel Konvensiyasına qoşulub, tullantıların uçotunun və qeydiyyatının aparılması sisteminin təkmiləşdirilməsi məqsədi ilə Nazirlər Kabinetinin 2003-cü il 30 mart tarixli qərarı ilə “Təhlükəli tullantıların pasportlaşdırılması Qaydası” və 2008-ci il 25 yanvar tarixli qərarı ilə “İstehsal prosesində əmələ gələn tullantıların inventarlaşdırılması Qaydası” təsdiq olunub. Bu Qaydalarda da Bazel Konvensiyasının təsnifat sistemindən istifadə olunur.

Tullantıların idarə olunma sisteminin beynəlxalq tələblərə uyğun təkmilləşdirilməsi də ölkə üçün böyük əhəmiyyət kəsb edir. Lakin bu günə qədər təhlükəli tullantıların təhlükəlilik xüsusiyyətləri 1985-ci ilin müvəqqəti təsnifat sistemi ilə müəyənləşdirilirdi. Bu sistem tullantıların təhlükəlik xüsusiyyətinin ətraf mühitə və insan sağlamlığına zərərli təsirlərini tam əhatə etmir.

Qərar ətraf mühitə çirkləndirici maddələrin atılmasına görə ödəniş normativlərinin yeni iqtisadi şəraitə uyğunlaşdırılması və təbiətdən istifadəçilərin ətraf mühitin mühafizəsi sahəsində fəaliyyətinin tənzimlənməsi, tullantıların atılmasına, axıdılmasına və yerləşdirilməsinə görə onların məsuliyyətinin artırılmasına nail olmaqa imkan verəcək", - deyə məlumatda qeyd olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu