Azercell Süni İntellekt əsaslı Virtual Assistent xidmətini istifadəyə verir!
Azercell ölkənin telekom bazarında ilk Telefon Mərkəzi Virtual Assistent xidmətini- Aİcell-i məmnuniyyətlə təqdim edir! Bu texnoloji yenilik Süni İntellekt əsasında çalışır və abunəçilərimizin müştəri təcrübəsini zənginləşdirmək üçün tərtib olunub.
Xidmətin pilot mərhələsində Azercell Telefon Mərkəzinə zəng edən abunəçilərimizi Aİcell adlı Virtual Assistent salamlayacaq və müştərinin sual və istəyini öyrənərək zəngi operatora yönləndirəcək. Azercell tədricən Virtual Assistentin ünsiyyət funksiyalarını və xidmət imkanlarını genişləndirərək, abunəçi istəklərini daha fərdiləşdirilmiş şəkildə həll etmək üçün şərait yaradacaq.
Qeyd edək ki, səs emalı botları telekommunikasiya sənayesində texnoloji sıçrayış hesab olunur. Layihənin ən vacib və maraqlı aspektlərindən biri isə Virtual Assistentin Azərbaycan dilində tam spektrli xidmət göstərməsidir ki, bu isə öz növbəsində müştərilərə yeni təcrübə imkanları yaradacaq.
“Azercell Telekom” MMC “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə əsaslanaraq ölkədə innovativ həllər və rəqəmsal xidmətlərin tətbiqini davam etmək niyyətindədir.