Erməni diasporunun Qarabağda tikdiyi qanunsuz evlər Azərbaycana qaldı


Vətən müharibəsindəki tarixi zəfərin yaratdığı reallıqlar bütün cəhətlərdən Azərbaycanın xeyrinə oldu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun döyüş meydanında qələbəsindən sonra siyasi arenada da uğurlu nəticələr əldə olundu. Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarəti altına keçməsi də postmünaqişə dövrünün yeni mərhələsinin gedişatlarından biridir.

İşğal dövründə Ermənistan və erməni diasporu bütün mümkün vasitələrdən istifadə edərək, azərbaycanlılara aid torpaqlarda möhkəmlənməyə, infrastruktur qurmağa çalışırdı. Laçın rayonunun Zabux kəndində qanunsuz evlərin tikintisi, Suriya və Livandan buraya ermənilərin köçürülməsi həmin cəhdlərdən biri idi. Azərbaycan dövlətinin tələbi ilə Laçın şəhəri və ətraf kəndlərdən qanunsuz yaşayan erməni vətəndaşları çıxarıldı.


Zabux kəndi isə Laçın dəhlizinin yaxınlığında yerləşməsi səbəbindən xüsusi əhəmiyyətə malikdir. Ermənilər bu ərazidə möhkəmlənmək məqsədilə müxtəlif addımlar atmışdılar. İlk növbədə işğaldan sonra bu əraziyə süni köç reallaşdırılmışdı. Livan və Suriyadan köç edən etnik ermənilərin məqsədyönlü şəkildə məskunlaşdırılması aparılıdı.

Erməni diasporunun Qarabağda xərclədiyi külli miqdarda maliyyə vəsaiti maliyyə itkisinə çevrilir.

Xaricdə yaşayan erməni iş adamları və diaspor nümayəndələrinin ianələri hesabına Zabuxda qanunsuz evlər də tikilib. Ümumi olaraq Zabux kəndində 3 mərhələli şəkildə 150 evin tikintisi planlaşdırıldı və tikinti işləri 2014-cü ildən etibarən başladı. 2016-cı ilin sentyabr ayında isə açılış həyata keçirildi. Zabuxdakı evlər ARI (Artsakh Roots Investment) təşkilatının vasitəsi ilə tikilib. Təşkilatın hesabatlarına və digər açıq mənbələrdə olan məlumata görə, 2011-2016-cı illər ərzində 4 milyon ABŞ dollarından çox maliyyə vəsaiti xərclənib. Məqsəd isə işğal altında olmuş ərazilərdə sosial-iqtisadi vəziyyətin gücləndirilməsi olub.


Avqustun 26-da Azərbaycan Ordusunun bölmələri Laçın şəhərinə daxil oldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürüldü.

Erməni diasporunun uzun illər işğal altında olan ərazilərə xərclədiyi milyonlar da öz əhəmiyyətini itirmiş oldu. Süni köçlər vasitəsi ilə bölgəyə yerləşən yerli və gəlmə ermənilər ərazidən uzaqlaşdırıldı, qanunsuz şəkildə tikilən sosial infrastruktur Azərbaycanın mülkiyyətinə keçdi.//trend



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu