Nazir müavini ermənilərin Xocalıda törətdiyi yanğınlara münasibət bildirib
Ermənilər bu dəfə də Xocalı istiqamətində, dağlıq ərazilərimizdə yanğınlar törətməklə öz riyakarlıqlarını, təkcə insanlığa deyil, həm də təbiətə qarşı düşmən mövqedə olduqlarını bir daha göstərmiş oldular.
AFN.az-ın xəbərinə görə, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, bu cür hadisələr təbiətə qarşı cinayətdir, ekoloji terror aktıdır.
"Təəssüf ki, düşmən tərəfinin törətdiyi bu yanğınları ürəkağrısız izləmək mümkün deyil. Yanğınlar Xocalı istiqamətində olduqca zəngin bioloji müxtəlifliyi, nadir və nəsli kəsilmək təhlükəsi olan bitki və heyvan növlərinin yaşayış məskənini dağıdır, bu yerlərə xas olan palıd, vələs, fıstıq, qovaq, tozağacı kimi cinslərə aid qiymətli meşələrin məhvinə səbəb olur.
Ümumiyyətlə, ermənilərin törətdiyi yanğınlar ekosistemimizə böyük zərərlər vurur ki, bu da onların insanlığa və
təbiətə düşmən münasibətinin bir daha təsdiqidir".