“Paşinyan Moskva ilə anlaşmayınca...” - Açıqlama


“BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi vəziyyətlə əlaqədar fövqəladə toplantısında Azərbaycanın əleyhinə əlahiddə hər hansı qərar qəbul edilmədi. Bu, Azərbaycanın diplomatik müstəvidə Ermənistan üzərində qələbəsidir”.

AFN bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O, qeyd edib ki, BMT səviyyəsində Azərbaycanın regionda yaratdığı yeni reallıqlar qəbul edilir:


“Ermənistanın BMT Təhlükəsizlik Şurasından və KTMT-dən gözləntiləri reallaşmadı. Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında atəşkəs əldə edilib. Paşinyan razılaşmalara əməl etməyəcəksə, hərbi toqquşmaların davam etməsi istisna deyil. Digər tərəfdən Nikol yenidən Putinlə telefonla danışıb. O, Qərbdə bir mövqe sərgiləyir, Rusiyada başqa mövqe. Ona görə də bu gün ölkəsini dalana salıb. Artıq Ermənistan siyasi cəhətdən beynəlxalq birliyin dəstəyini ala bilmədi. Azərbaycan həm diplomatik, həm də hərbi müstəvidə Ermənistanı üstələyib”.

Politoloq qeyd edib ki, ABŞ da Azərbaycan və Ermənistan arasında vasitəçi olaraq sülh müqaviləsinin bağlanmasında maraqlıdır:

“Amma Rusiyanın buna şərait yaratmayacağı bəllidir. Moskvanın təşəbbüsü ilə sülh müqaviləsinin bağlanması da istisna deyil. Çünki Rusiya Brüssel formatını da fiaskoya uğradıb. Təbii ki, bu proseslər Paşinyanın siyasi iradəsizliyindən baş verir. O, Moskva ilə uzlaşmayınca ölkəsində siyasi sabitlik olmayacaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu