Rusiyada tam səfərbərlik də elan edilə bilər - RƏY
Müharibə başlayan gündən qeyd edirdik ki, tezliklə bitmə potensialı görünmür. Bu savaşın uzun aylar və illər davam edəcəyini də hamı bilirdi.
Bunu AFN.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirib. Siyasi şərhçi Rusiyada qismən səfərbərliyin elan edilməsinin müharibəni daha da sərtləşdirəcəyini deyib: "Rusiyanın qismən səfərbərlik elan etməsi bir daha onu göstərir ki, Rusiya savaşla bağlı bitirici mövqeydə deyil. Rusiya Ukrayna cəbhəsində istədiklərinə nail ola bilməyib. Müharibə başlayarkən qarşısına qoyduğu məqsədlərə çata bilməyib. Əksinə, Ukrayna müdafiə cəbhəsində xeyli uğurlar qazanıb. Xüsusilə Xarkov istiqamətində zəfərlər əldə edib. Eyni zamanda Ukraynaya qərb tərəfindən ciddi dəstəklər edilir. Belə olan halda Rusiyanın qismən səfərbərlik elan etməsi görünən idi. Hətta savaşın arealının daha da dərinləşməsi fonunda döyüşlərin şiddətlənməsini müşahidə edəcəyik. Həmçinin döyüşlər şiddətləndikcə qismən səfərbərlik tam səfərbərliyə də çevrilə bilər”.
FƏRAHİM