Putinin qismən səfərbərlik elanı nəyi dəyişəcək? – “Ukrayna yeni ərazilər azad edəcək”
Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib.
Maraqlıdır, bu qərar Rusiya-Ukrayna savaşına hansı formada təsir edə bilər?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov deyib ki, sözügedən qərarın verilməsi gözlənilən idi:
“Yaxın zamanlarda Rusiyanın qismən də olsa, səfərbərlik elan edəcəyi aydın idi. Əslində, Rusiyanın iki variantı var idi. Ya Ukraynadan əlini-qolunu sallayıb tamamilə çəkilməli idi – bu, baş verərdisə, elə bir hal yaranardı ki, Rusiya daxilində onun qarşısını hökumət heç cür ala bilməzdi. Təbii, bir müddət öncə hətta biz “Vaqner” silahlı birləşmələrinin həbsxanadan dustaqları belə döyüşməyə apardığını görürdük. İkinci variant isə qismən səfərbərlik elan edərək yeni qüvvəni savaşa göndərmək idi. Düşünmürəm ki, belə səfərbərlik qərarı müharibənin keyfiyyətinə təsir edə bilər”.
Müsahibimiz hesab edir ki, Rusiyada qismən səfərbərlik elan edilməsi Ukraynanın indiki əks-hücum əməliyyatlarına ciddi təsir göstərməyəcək:
“Rusiyanın silah-sursatı tükənir. Belə olan halda, nə qədər əsgər cəlb edilməyindən asılı olmayaraq müharibədə keyfiyyətin əldə edilməsi inandırıcı görünmür. Digər tərəfdən, ruh yüksəkliyinin olması önəmli məsələlərdəndir. Ukrayna ordusunda bu var, çünki onlar öz torpaqları uğrunda vuruşurlar. Amma Rusiya hərbçiləri bunun əksini düşünür, onlar sadəcə verilən əmrləri yerinə yetirirlər. Yaxın zamanda biz Ukraynanın yenidən öz ərazilərinin bir qismini azad etməsi ilə bağlı məlumatlar alacağıq”.