BDU və Qətər Universiteti arasında əməkdaşlıq əlaqələri müzakirə olunub


Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın Qətər dövlətindəki səfirliyi, Universitetin Beynəlxalq əlaqələr şöbəsi və Şərqşünaslıq fakültəsinin rəhbər şəxslərinin iştirakı ilə onlayn görüş keçirilib.


BDU mətbuat xidmətindən AFN.az-a verilən məlumata görə, görüşdə Azərbaycanın Qətərdəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov, BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, fakültənin dekanı Aydan Xəndan, elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə, Ərəb filologiyası kafedrasının müdiri Vüqar Qaradağlı, Ərəb filologiyası kafedrasının müəllimi Könül Eyvazova, səfirliyin əməkdaşı Eldəniz Musayev, Qətər Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sezar Veyzen, Ərəb dili və ədəbiyyatı fakültəsinin müdiri Seeda Ali N-Athha, Əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Muhammed Abdel Halim Vidatalla, Beynəlxalq münasibətlər fakültəsinin əməkdaşları iştirak ediblər.

Görüşü giriş sözü ilə açan fakültənin dekanı Aydan Xəndan Şərqşünaslıq fakültəsinin fəaliyyəti və beynəlxalq əlaqələri haqqında geniş məlumat verib. Daha sonra Ərəb filologiyası kafedrasının müdiri Vüqar Qaradağlı tədbir iştirakçılarını BDU-nun və Şərqşünaslıq fakültəsinin tarixi ilə bağlı məlumatlandırıb. Kafedranın əməkdaşı Könül Eyvazova fakültədə tədris olunan ərəb dilinin tədrisi və metodikası ilə bağlı fikirlərini bildirib.

Görüşdə BDU, xüsusilə də Şərqşünaslıq fakültəsi ilə Qətər Universiteti arasında əməkdaşlıq əlaqələri, ortaq tədqiqat işlərinin aparılması, birgə elmi seminarların, ustad və onlayn dərslərin təşkili, xüsusilə də ərəb dilinin tədrisində universitetlərarası təcrübə mübadiləsi məsələləri müzakirə olunub. Tədbir iştirakçıları şərqşünaslıq sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etməsində maraqlı olduqlarını bildiriblər.

Görüşün sonunda Qətər Universiteti haqqında təqdimat nümayiş etdirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu