Mirsalam Qənbərov: "Agentliyə daxil olan müraciətlərin bir qismi normativlərə uyğun olmur"
Dövlət Ekoloji Ekspertiza Agentliyinə (DEEA) yaşıllıqların götürülməsi ilə bağlı daxil olan müraciətlərin bir qismi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmir.
AFN.az xəbər verir ki, bunu jurnalistlərə DEEA-nın İdarə Heyətinin sədri Mirsalam Qənbərov Nizami, Nəsimi və Xətai rayon icra hakimiyyəti rəsmilərinin və bələdiyyələrinin iştirakı ilə keçirilən ictimai dinləmə zamanı deyib.
M.Qənbərovun sözlərinə görə, cari ildə Agentliyə yaşıllıqların götürülməsi ilə bağlı daxil olan müraciətlər operativ şəkildə cavablandırılmış, qanunvericiliyin tələblərinə uyğun tərtib edilməyən müraciətlərə isə rəy verilməmişdir. O, həmçinin bildirib ki, vətəndaşlardan hər hansı yaşıllığın götürülməsi ilə bağlı icra hakimiyyətlərinə, bələdiyyələrə məktub daxil olarkən əvvəlcə özləri ona vizual baxış keçirməli, qiymətləndirməli, müraciətləri analiz etməli, yaşıllığın götürülməsi qaçılmaz olarsa, o zaman müvafiq rəyin alınması üçün Agentliyə müraciət edilməlidir.
“İcra hakimiyyətləri öz ərazilərindəki yaşıllıqları inventarlaşdırmalı, mütəmadi monitorinq keçirməli və ərazilərində nə qədər yaşıllıq olduğunu bilməlidirlər”, - deyə M.Qənbərov söyləyib.