Bütöv bir kəndə qaz xətti çəkildi, amma sayğac quraşdırılmır: “Bizdən sayğaca görə ödəniş istəyirlər” - ŞİKAYƏT
Göyçay rayonu, Hacıağabəyli kənd sakinləri yaşayış evlərinin qazla təmin edilməməsindən şikayətçidilər.
Bu barədə Hacıağabəyli kəndinin sakinləri AFN.a- a müraciətlərində bildirib. Kənd sakinləri iddia edirlər ki, onlardan sayağacı öz hesablarına almağı tələb edirlər: “Uzun müddət idi ki, Göyçay rayonu Hacıağabəyli kənd sakinləri qazsızlığa görə çox əziyyət çəkirdi. Sovetlər dönəmində kəndimizə qaz xətti çəkilib əhali istifadə edib. Ancaq 1994-cü il tarixdə kəndin qaz xətti ləğv edildi deyə sakinlər qazsız qaldı. Buna görə çox əziyyət çəkirdik. Həyətlərimizdəki meyvə ağaclarını kəsib odun kimi istifadə etmişik, hər il odun almağa görə zülm çəkmişik. Sağ olsun cənab Prezidentimiz İlham Əliyevin tapşırığı əsasında 2022-ci ilin yanvarında kəndə qaz xətti çəkildi. Ancaq istifadəyə vermirlər ki, sayğacı öz vəsaitiniz hesabına almalısınız. Bir sayğacın qiymətini isə 282 manat deyirlər. Buna bizim maddi imkanımız yoxdur. Ancaq Nazirlər Kabinetinin qərarı var ki, bir kəndə qaz xəttinin çəkilməsi üçün lahiyə-smeta tərtib edilibsə, sayğacda daxil olmaqla bütün işlər dövlətin vəsaiti hesabına aparılmalıdır”.
Sakinlər deyirlər ki, problemlə bağlı “Azəriqaz” İstehsalat Birliyinə müraciət etsələr də, eyni cavabı alıblar: “Azərqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismarı İdarəsindən və Göyçay Qaz Sahəsindən bizə bildirdilər ki, sayğacı dövlət vəsaiti hesabına yox, öz vəsaitiniz hesabına almalısınız. Biz bunun yalnış olduğunu bilirik. Hacıağabəyli kəndində 60-dan çox təsərrüfat var. Əhalinin əsas məşğuliyyəti əkinçilik və meyvəçilikdir. Bizim kəndin qazı olmadığı üçün təsərrüfatlardakı bütün meyvə ağaclarını kəsib odun kimi istifadə etmişik. Bu səbəbdən yoxsul vəziyyətdəyik. Kəndimizdə Vətən Müharibəsi iştirakçıları var. Əhalinin əksər hissəsi işsizdir. Maddi imkansızlığa görə qarşıdan gələn soyuqlara görə odun tədarükü edə bilməmişik. Çox sevindik ki, kəndimizə qaz xətti çəkildi və əziyyət çəkməkdən qurtulduq. Ancaq bizə sayğacın pulla satılması xəbərinə çox məyus olduq. Biz mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və “Azərqaz” İstehsalat Birliyinin baş direktoru cənab Ruslan Əliyevə müraciət edirik. Xahiş edirik, Göyçay rayonu Hacıağabəyli kənd sakinlərinin yoxsul vəziyyətdə yaşamasını və qarşıdan soyuqların gəlməsini nəzərə alıb evlərimizə qaz sayğacının dövlət vəsaiti hesabına qurulmasına köməklik göstərəsiniz”.
“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev AFN.az-a açıqlamasında bildirdi ki, qurum küçə xəttini çəkib: “Mərkəzi ofis hər il qaz xəttinin çəkilməsini ərazilər üzrə planlaşdırır. Sözügedən kəndin də qazlaşması həyata keçirilib. Dəfələrlə ictimaiyyətə müraciət edirik ki, “Azəriqaz” İstehsalat Birliyi olaraq biz küçə xətlərini çəkirik. Ortada qalan çox az məsafəli yeri isə vətəndaş standartlara uyğun olaraq özü çəkir. Bunun üçün də “ASAN Komunal”a müraciət eləyir. Texniki şərti “Azəriqaz” ödənişsiz verir. Qaz xətti bütün standartlara uyğundursa, “Azəriqaz” İstehsalat Birliyi texniki şərt kimi sayağacı da ödənişsiz vətəndaşın yaşayış evinə quraşdırır. Sadəcə orda yaşayan insanlar istəyir ki, küçə xəttindən evə qədər olan məsafəni “Azəriqaz” İstehsalat Birliyi həyata keçirsin. Şəhid ailələri və müharibə əlilləri istisna olmaqla, vətəndaşlar bunu öz hesabına etməlidir. “Azəriqaz” İstehsalat Birliyi qaz xətti çəkilmiş evləri ödənişsiz sayağacla təmin edir və quraşdırır”.
FƏRAHİM