Prokurorluq erməni diversiya qrupunun Daşkəsəndə basdırdığı minalarla bağlı araşdırma aparır
Prokurorluq erməni diversiya qrupları tərəfindən Daşkəsəndə basdırılan və Müdafiə Nazirliyinin mühəndis-istehkamçıları tərəfindən aşkar edilərək zərərsizləşdirilən minalarla bağlı məlumat yayıb.
Baş Prokurorluqdan AFN.az-a verilən məlumatda bildirilib ki, Daşkəsən rayonu Buğdadağ adlanan ərazidə 1-2 oktyabr tarixlərində erməni diversiya qruplarının yeni basdırdığı Ermənistanda istehsal edilmiş 452 ədəd “Э-001 М” tipli piyada əleyhinə mina Müdafiə Nazirliyinin mühəndis-istehkamçıları tərəfindən aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. Həmin partlayıcı vasitələrin Vətən Müharibəsindən sonra basdırıldığı ehtimal edilir.
Faktla bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğunda araşdırma aparılır.