Rektor Gəray Gəraybəyli Prezident təqaüdçüsü olan tələbələrlə görüşüb
Azərbaycan Tibb Universitetinin (ATU) rektoru professor Gəray Gəraybəyli 2022/2023-cü tədris ili üçün universitetə qəbul olan Prezident təqaüdçüləri ilə görüşüb.
AFN.az xəbər verir ki, rektor bu yüksək nəticə münasibətilə tələbələri təbrik edərək Prezident təqaüdünə layiq görülmələrinin onlar üçün həm qürur, həm də böyük məsuliyyət olduğunu bildirib.
G.Gəraybəyli gənclərin məhz Azərbaycan Tibb Universitetinə qəbulunun ikiqat qürurlu olduğunu qeyd edib: “zəngin təhsil ənələlərinə malik olan 92 illik tarix sahibi Tibb Universiteti hər zaman Azərbaycanda ali təhsil ocaqları arasında seçilməyi bacarıb. Hər il bizim universitetə onlarla qabaqcıl tələbələr daxil olur, imtahanlarda yüksək bal toplamış tələbələrin böyük qismi ATU-nu seçir. Sizlərin gələcəkdə bu seçimi layiqincə doğruldacağınıza, xalqımız, dövlətimiz üçün layiqli, peşəkar mütəxəssislər kimi yetişəcəyinizdən əminəm”.
Rektor G.Gəraybəyli daha sonra ATU-da tədris sistemi, təhsil proqramında yeniliklər barədə də tələbələrə məlumat verib. O, tələbələri universitetin ictimai həyatında aktiv iştirak etməyə çağıraraq gənclərə uğurlar arzulayıb.
Qeyd edək ki, 2022/2023-cü tədris ilində 23 nəfər Prezident təqaüdçüsü ATU-ya qəbul olub.