Komitə sədrindən 3 mühüm təklif: “Büdcə təqvim ili 1 yanvardan deyil, 1 apreldən başlansın və...”
Milli Məclisdəki büdcə müzakirələrində çıxış edən komitə sədri Tahir Mirkişili qeyd edib ki, aparılan müzakirələr, həyata keçirilən təhlillər iqtisadi siyasətdə daim çevik və bəzən qeyri-standard alətlərin tətbiqini, büdcə planlaşmasının və icrasının daim təkmilləşdirilməsini tələb edir.
Musavat.com-un məlumatına görə deputat bildirib ki, bu baxımdan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi olaraq iqtisadi proseslərin yaxşılaşmasına xidmət edəcək bir neçə təklifi də diqqətinizə çatdırmaq istərdim: “1. Uzun illərdir büdcə gəlir və xərclərinin icrasının təhlili, xərclərin böyük hissəsinin ili 4-cü rübünə təsadüf etməsi, ilin sonuna layihələrin maliyyələşməsinin başa çatması zərurəti, bəzi dövlət orqanlarında, məsələn xərclərdə böyük paya malik təhsil sektoruna fəaliyyətin sentyabr ayında başlaması, ilin 1-ci rübündə iqtisadi aktivliyin aşağı olması, bunun obyektiv yoxsa subyektiv səbəblərdən qaynaqlandığı daim müzakirə mövzusudur. Bu problemlərin həlli üçün müxtəlif mexanizmlərin olduğunu qəbul etməklə yanaşı, məsələnin makro səviyyədə həlli üçün ölkəmizdə büdcə ilin təqviminin dəyişdirilməsini təklif edirik. Büdcə təqvim ilin Azərbaycanda 01 yanvardan deyil, 01 apreldən başlanmasını və növbəti ilin 31 martında başa çatmasını təklif edirik.
Belə ki, dünyanın bir çox ölkələrində, məsələn, Böyük Britaniya, Sinqapur, Yaponiya, Küveyt də s kimi ölkələrdə büdcə ili təqvimi 1 yanvardan deyil, 1 apreldən başlayır və 31 martda başa çatır. Buna keçməyin mürəkkəb bir proses olduğunu anlayır, amma keçidin bir çox problemlərin həllinə də birdəfəlik rəvac vercəyinə inanırıq. Hesab edirik ki, belə bir dəyişiklik layihələrin, tədbirlərin maliyyələşməsində, büdcə planlaşmasının və parlament müzakirələrinin daha səmərəli keçməsinə imkan yarada bilər”. İkinci təklifdən bəhs edən komitə sədri bildirdi ki, mövcud şəraitdə inflyasiya ilə mübarizə nə qədər vacib olsa da, onun səviyyəsini istədiyimiz səviyyədə aşağı salmaq çətin olacaq: “Çünki inflyasiyanın strukturunda idxalın rolu böyükdür. Dünyada İqtisadi artımı zəiflədəcək antiinflyasiya tədbirləri, xüsusilə də monetar və fiskal siyasətin sərtləşdirilməsi böyük itkilərə səbəb olmaqdadır. Ona görə hesab edirik ki, istehsal ilə bağlı təklifin selektiv formada stimullaşdırılması, kütləvi istehlakın məhdudlaşdırılması üçün hibrid iqtisadi siyasətin aparılması vacibdir. Belə görsənir ki, iqtisadi böhrandan qaçmağın düzgün yolu yüksək inflyasiya şəraitində iqtisadi artımın sürətlənməsi olacaqdır. Bunun üçün yeni dəyər yaradan əsas investisiya xərclərinin artırmasını təklif edirik. Bunun üçün özəl sektorun imkan və bacarıqlarından daha çox istifadə edilməsini məqsədəuyğun hesab edirik”.
Və nəhayət, üçüncü təklif: “Büdcə strukturunda nəzarətin, təhlilin asanlaşdırılması üçün ilk öncə Vahid Büdcə Təsnifatının təkmilləşdirilməsini, büdcə planlaşmasının struktural olaraq tam elektronlaşmasının vacibliyini bir daha qeyd etmək istərdik. Bu həm də nəticə əsaslı büdcəyə keçid, qoyulan hədəflərin yerinə yetirlməsinə nəzarət baxımından da vacib və əvəzedilməz alətdir. Müşahidələrimiz göstərir ki, insan faktorunun bu prossesdə həlledici olması bir çox texniki qeyri-iradi səhvlərin yaranmasına səbəb olur. Fikrimizcə, bu səhvlərin aradan qaldırılması iqtisadi siyasətin səmərliliyinə birbaşa müsbət təsir edəcək”.
Çıxışının sonunda T.Mirkişili həmkarlarına xitab etdi: “Hörmətli həmkarlar! Yekun olaraq, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi Büdcə zərfinə daxil olan qanun layihələri ilə bağlı aparılan Milli Məclisdə aparılan müzakirələri əhatəli və məhsuldar hesab edir. Hesab edirik ki, müzakirə etdiyimiz dövlət büdcəsi layihəsi 2023-ci il üçün iqtisadi imkanlara əsaslanaraq ölkəmiz qarşısında yaranacaq çağırışlara layiqli cavab vermək və bütün istiqamətlərdə dövlət siyasətini həyata keçirmək üçün mühüm maliyyə bazası yaradacaqdır. Bunları nəzərə alaraq Büdcə Zərfinə daxil olan layihələri Milli Məclisin plenar iclasında 1-ci oxunuşda müzakirə üçün məqbul hesab edirik. Deputat həmkarlarıma da bu layihələri dəstəkləmələrini xahiş edirəm”.