Sabah “Space TV”nin yayımı dayandırılır


Sabah “Space TV”nin yayımı 3 saatlıq dayandırılacaq.


Bu barədə Audiovizual Şuradan məlumat verilib.

Bildirilib ki, Audiovizual Şuranın iclası keçirilib. İclasda “Space TV” redaksiyasının (kanalının) efirində baş vermiş qanun pozuntusu ilə bağlı məsələ müzakirə olunmuş və peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasının alınmasına görə Şuraya daxil olmuş 2 müraciətə baxılıb.

İlk olaraq ümumölkə yerüstü televiziya yayımçısı olan “Space” Müstəqil Televiziya və Radio Şirkətinin “Space TV” redaksiyasının (kanalının) efirində 14 noyabr 2022-ci il tarixdə saat 12:00-14:45 arası yayımlanan “Gəl danış” proqramında zorakılığı və qəddarlığı təbliğ edən informasiyaya yol verilməsi və bununla da “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1.5-ci maddəsinin tələbinin (mediada yayımlanan informasiyada zorakılıq və qəddarlıq təbliğ olunmamalıdır) pozulması faktı müzakirə olunub.

Şura “Media haqqında” Azərbaycan Respublikası Qanununun 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq “Space TV” redaksiyasının efirində 17 noyabr 2022-ci il tarixdə proqramların yayımının 3 (üç) saatlıq müddətə (saat 12:00-dan saat 15:00-dək) dayandırılması haqqında qərar verib.

Daha sonra, peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasının alınmasına görə “Baku TV” MMC və “Beat Media” MMC tərəfindən Şuraya daxil olmuş müraciətlərə baxılmışdır. İddiaçılar tərəfdən təqdim olunmuş sənədlərin siyahısı və məzmunu barədə Şura aparatının hüquqşünasları Şura üzvlərinə geniş məlumat vermiş və sənədlərin müvafiq tələblərə uyğun tərtib olunmasını qeyd ediblər.

Şura üzvləri geniş müzakirələrdən sonra “Media haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə mindikdən sonra ilk dəfə yeni audiovizual media fəaliyyəti növü olaraq peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyalarının “Baku TV” MMC-yə (televiziya redaksiyasının adı: “Baku TV”) və “Beat Media” MMC-yə (televiziya redaksiyasının adı: “Beat TV”) verilməsi barədə müvafiq qərarlar qəbul ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu