Azərbaycanda Yeni il turları od qiymətinədir - Bir nəfər üçün 750 azn-dən başlayır
Qarşıdan Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik günü gəlir. Pandemiyadan sonra bu il ilk dəfə bütün dünyada olduğu kimi, ölkəmizdə də insanlar bayram tətilini müxtəlif əyləncə mərkəzlərində keçirməyi planlaşdırırlar. Bu səbəbdən bayrama hələ bir aydan da artıq müddət qalsa da xüsusilə regionlarda yerləşən hotellərdə yer tapmaq müşkülə çevrilib. Lakin qiymətlərə nəzər saldıqda bu xoşbəxtliyin yalnız imkanlı təbəqənin nümayəndələrinə nəsib olacağı görünür.
AFN.az olaraq region hotellərində builki Yeni il əyləncə proqramlarının qiymətlərini araşdırdıq və təəssüf ki, yuxarıda qeyd etdiyimiz məqamın doğruluğunun şahidi olduq.
Beləliklə, gündə 3 dəfə qidalanma daxil olmaqla, 2 nəfər üçün 2 gecəlik qiymət “Shamakhi Palace”də 1400 azn, “Quba Palace”də 1990 azn, “Qalaaltı”nda 1000 azn, “Lankaran Springs”də 1500 azn, “Basqal Resort&Spa”da 1950 azn, “Marxal Resort&Spa” 1500 azn, “Qafqaz Riverside”də 1330 azn, “Qafqaz Tufandağ” 1330 azn, “Gabala Garden” 1000 azn, “Shahdag Hotel&Spa” 1710 azn. Qeyd edək ki, bu qiymətlərə bayram günü qala gecəsi və şou proqramlar da daxildir.
Göydəniz Qəhrəmanov: “Rəqabət olmadığına görə qiymətlər də bahadır”
Problemi saytımıza şərh edən Azərbaycan Turizm Şirkətləri Assosiasiyasının sədri Göydəniz Qəhrəmanov təəssüflə bildirdi ki, ayrı-ayrı istirahət mərkəzlərində fərqli qiymətlər təklif olunur. Onun sözlərinə görə, bayram günlərində adi vaxtlardan 2-3 dəfə artıq qiymət siyasəti aparılır: “Biz bayram ərəfəsi olduğunu və həmin məkanların artıq qazanc əldə etmək niyyətiniz anlayırıq. Amma nəzərə almaq lazımdır ki, bu qiymətlər hər kəs üçün əlçatan deyil. Turistlər yüksək qiymətləri görüb alternativ təkliflər gözləyirlər. Bu da turizm şirkətlərinin işinə təsir edir”.
Mütəxəssis problemin başlıca səbəbi kimi regionlarda lazımi sayda hotellərin olmamasını görür. Onun sözlərinə görə, elə rayonlar var orada cəmi 1-2 hotel var, onlar da 5 ulduzlu. Yəni rəqabət olmadığına görə qiymətlər də bahadır. Amma hər kəsin büdcəsinə uyğun, məsələn, 3, 4 ulduzlu hotellər olsa, qiymətlər də əlçatan olar. Bu səbəbdən də turistlər həmin regionlara səfər edə bilmirlər.
Ceyhun Aşurov: “Əgər Dubay, Türkiyə və Gürcüstandakı hotellərdə qiymətlər rəqabətdən doğursa, bizdə tələbatdan doğur”
"Smart Hotel Management" şirkətinin direktoru Ceyhun Aşurov bildirdi ki, Yeni il şənliklərinin, şou-proqramların təşkil edən hotellərin qiymətləri 3 dəfə qidalanma və 2 gecə daxil olmaqla, adambaşına təxminən 750 manatdır: “Bu, normaldırmı? Xeyr. Özü də bu qiymət artımı təkcə region hotellərində deyil, Bakıda fəaliyyət göstərən hotellərdə, şadlıq evlərində də müşahidə olunur. Bu artımın müxtəlif səbəbləri var. Əvvəla, ərzaq qiymətlərində təkcə Azərbaycanda deyil, bütün dünyada sürətli artım baş verir. Digər səbəb tələbatın olmasıdır. Görünən budur ki, bayram ərəfəsində daha çox sifarişlər var. Bayrama hələ bir aydan çox var, amma indidən çoxsaylı müraciətlər var. Tələbat olduğu üçün də həmin qiymətlə verilən təklif bazarda realizə olunursa, burada xüsusi endirimlərdən də söhbət getmir.
Digər tərəfdən, xaricdən gələn yerli turistlərin sayına nisbətən Yeni il proqramlarının təşkil ediləcəyi məkanlarda təklif edilən yerlərin sayı azdır. Ona görə də bu yerlər heç bir problemsiz satılır. Amma ümumi götürdükdə, bu qiymətlər heç də ucuz deyil. Sadəcə, rəqabət olmadığına və yüksük tələbat olduğuna görə qiymətlər belə yüksəkdir”.
Hotel rəhbəri deyir ki, Dubaya, Türkiyəyə, Gürcüstana Yeni il turları var və qiymətləri də yüksək deyil: “Yəni imkanı olan şəxslər bu ölkələrə də gedə bilər, öz tətillərini komfortuna görə adıçəkilən ölkələrdəki istirahət məkanlarından heç də geri qalmayan yerli hotellərimizdə də keçirə bilərlər. Təəssüflə demək istəyirəm ki, əgər Dubay, Türkiyə və Gürcüstandakı hotellərdə təklif olunan qiymətlər rəqabətdən doğursa, bizdə tələbatdan doğur”.
Fəxriyyə ABDULLAYEVA