Yeni il tətilini harada və neçəyə keçirmək olar? - Xarici turlar daha ucuzdur


Yeni il bayramı və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü yaxınlaşdıqca, səyahətsevər həmvətənlərimiz tətili harada keçirəcəkləri ilə bağlı axtarışlarını gücləndirirlər. Turizm şirkətləri isə onların maraq və istəklərinə uyğun olaraq dünyanın müxtəlif ölkələrinə hazırladıqları tətil turlarını daha da rəngarəng etməyə çalışırlar. Maraqlıdır, azərbaycanlılar bu il bayram tətilini harada keçirməyə daha çox üstünlük verirlər? 2 illik “pandemiya fasiləsindən” sonra ənənəvi istiqamətlərdən başqa səyahətsevərlimizi cəlb edən turlar hansı istiqamətlərədir?


AFN.az olaraq suallarımızı turizm şirkətlərinə ünvanladıq. Aldığımız cavabları oxucularımızla bölüşürük.



Göydəniz Qəhrəmanov: “Bu il Avropa ölkələri və Dubay istiqamətləri daha populyardır”

“Spektr Travel” şirkətinin rəhbəri, Azərbaycan Turizm Şirkətləri Assosiasiyasının sədri Göydəniz Qəhrəmanovun sözlərinə görə, azərbaycanlı turistlər arasında hər zaman Dubay istiqaməti populyar olub. Bunun da səbəblərindən biri Yeni il ərəfəsində havanın orada isti olması ilə bağlıdır: “Eyni zamanda Dubayda istirahət mərkəzləri də çoxdur. Onlar çoxlu yeniliklər, əlavə xidmətlər təklif edirlər. Həmçinin Dubaya birbaşa uçuşlar mövcuddur. Bu, turistlərin seçdikləri məkanlara rahat çatmalarına və qiymətlərin də nisbətən əlçatan olmasına səbəb olur”.
Assosiasiya rəsmisinin sözlərinə görə, azərbaycanlı turistlər arasında bu il Avropa ölkələri də populyardır. Çünki iki ildir pandemiya ilə əlaqədar bu istiqamətə uçuşlar məhdudlaşdırılmışdı, təxminən bir il tamamilə dayandırıldı. Artıq hər şey normala döndüyündən səfərlər də əvvəlki qayda ilə planlaşdırılır və reallaşdırılır.
Azərbaycanın regionları arasında bu il daha çox populyar olan istiqamətlər isə qış turizm mərkəzləri olan Şahdağ və Tufandağdır. Çünki Yeni il bayramının özəlliyi qarın yağmasıdır. Bu bayramda dağ-xizək turizmi həvəskarları məhz bu istirahət mərkəzlərini seçir. Amma digər regionlarımızda yerləşən hotellər də bu bayramda boş qalmayacaqlar.



Ruslan Quliyev: “Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Avropa ölkələri ilə yanaşı, bu il Misir istiqaməti də aktualdır”

“Millennium Conqress” turizm şirkətinin rəhbəri Ruslan Quliyev bildirdi ki, 2022-ci il turizm sektorunun postpandemiya dövründə bərpası ili kimi yadda qaldı. Yeni il bayramı münasibətilə artıq anonslar verilib, turizm şirkətləri müxtəlif turpaketlər hazırlayıblar: “Erkən rezervasiya kampaniyalarında iştirak edən vətəndaşlarımız əslində məqbul qiymətlərlə turpaketlər əldə edə bilirlər. Bu il xarici ölkələrdən də ölkəmizə gəlmək istəyənlər çoxdur. Bəzi regionlarımızda bu il bir neçə yeni istirahət mərkəzləri açıldı. Yerli məkanlarımızı seçənlərlə yanaşı, bayramı xarici ölkələrdə keçirmək istəyənlər də çoxdur. Əsasən ənənəvi istiqamətlər – Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Avropa ölkələri ilə yanaşı, bu il Misir istiqaməti də aktualdır.
Bu il ölkədaxili turlarda qiymətlərin yüksəlişi müşahidə olunur ki, bu da təbiidir. Çünki indi bütün dünyada olduğu kimi, Azərbaycanda da həyat şərtləri, o cümlədən də ərzaq qiymətləri, enerjidaşıyıcıların qiyməti və s. bahalaşıb ki, bu da istər-istəməz həyatımızın bütün tərəflərinə, həmçinin də istirahətimizə yansıyır”.



Lətifə Əliyeva: “Avropa turları Macarıstan üzərindən olmaqla, adambaşına təxminən 450-500 avro civarında başa gəlir”

“İntourist Travel” şirkətinin icraçı direktoru Lətifə Əliyeva xarici ölkələrə hazırladıqları turpaketlərlə bağlı daha ətraflı məlumat verərək qeyd etdi ki, “İntourist Travel” hazırda daha çox Dubay, Misir və Avropa ölkələrinə tur satır. Həm qiymət münasibliyi, həm də rəngarəng proqramların zənginliyi baxımından azərbaycanlılar bu ölkələri seçir: “Dubay istisevən insanların seçimidir. Həm də oraya uçuşlar bir neçə hava yolu şirkəti tərəfindən həyata keçirilir. “Wizz Air”in Abu-Dabiyə reys açması ilə bu istiqamət zirvələrdədir hazırda. İki nəfərin bu şəhərə gediş-gəliş, hoteldə qalmaq 3 gecə-4 gün, 4 gecə-5 gün olmaqla, 400-500 dollara başa gəlir, amma turpaketi əvvəlcədən almaq şərtilə. Bayrama yaxın alanda isə 800-1000 dollara başa gələ bilir. Bundan əlavə, Misir Ərəb Respublikasının Şarm-əl Şeyx şəhəri də qışda yay havası yaşamaq istəyənlərin seçimi kimi çox populyardır. 1800-2400 dollara Yeni il paketləri almaq mümkündür ki, buraya da 2 nəfərin 7 gecə-8 gün gündə 5 dəfə yemək, hotelin bütün xidmətlərindən istifadə, şou-proqramlar daxildir. Amma başqa vaxtlarda bu paketlərin qiyməti 1200-1400 dollar civarındadır.
Avropa turları Macarıstan üzərindən olmaqla, adambaşına təxminən 450-500 avro civarında başa gəlir, 6 gecə-7 günlük, bura yalnız səhər yeməyi daxildir. Avropa turlarının yeganə çətinliyi viza almaqla bağlı olur. Hazırda populyar olan istiqamətlərdən biri də Finlandiyadır. Türk Hava Yolları bu ölkəyə birbaşa uçuşlar açdığı üçün Bakı-İstanbul-İstanbul-Rovaniemi reysi ilə turpaketlər hazırlayırıq, yaxşı da alınır. Qiyməti 2 nəfər üçün 3000 avrodur. Buraya bir həftə müddətində qidalanma, ekskursiyalar, bütün xidmətlərdən istifadə daxildir.
Builki Yeni il turlarına hər zaman dəyişməz olan İstanbul istiqaməti də daxildir. Buraya da bir neçə aviaşirkətlə uçmaq mümkün olduğu üçün qiymətləri münasibdir. Türk Hava Yolları tez-tez endirim kampaniyaları etdiyinə görə biz turizm şirkətləri də yaxşı hotellərlə birləşdirib turpaketlər hazırlayırıq. İstanbulu yeni ildə gəzmək istəyənlər 2 nəfər üçün bir həftəlik istirahətə 4-5 ulduz hotellərdə səhər yeməyi daxil, 1200 dollarından keçməlidirlər.
Gürcüstan istiqaməti də nisbətən ucuz qiymətə səyahət etmək istəyənlər üçün populyardır. Bunlar Qudauri, Bakuryani turlarıdır. Bu səyahət 400-500 dollara bir nəfərə 4 gecə-5 günlük paketlərdir.
Ekzotik ölkələri istəyənlər də çoxdur bu bayramda. Tailand bu sırada birincidir. Düzdür, pandemiyadan sonra bu ölkəyə viza almaqla bağlı müəyyən çətinliklər yaranıb, amma hər zamankı kimi yenə də diqqət mərkəzindədir. Buraya səyahət bir nəfərə 1500-1700 dollardır.
Ölkədaxili turlardan Şəki, Qəbələ, İsmayıllıya maraq göstərənlər çoxdur. Açığını deyim ki, Quba-Qusar istiqamətində qiymətlər çox yüksək olduğuna görə gedənlər də azdır”.
Beləliklə, əziz oxucular, əgər aranızda səyahətsevərlər varsa, Yeni il tətilinizi daha münasib qiymətə hansısa xarici ölkədə keçirmək istəyirsinizsə, vaxt itirmədən turizm şirkətlərinə müraciət edin.
Bayramınız mübarək!

Fəxriyyə ABDULLAYEVA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu