“Stratcom 22” sammitində Böyük Qayıdış haqqında məlumat verilib


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Türkiyənin İstanbul şəhərində keçirilən Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom 22”də çıxış edib.


AFN.az xəbər verir ki, F.Hüseynov sammit iştirakçılarına Ermənistanın işğalçılıq və deportasiya siyasəti nəticəsində ölkəmizdə yaranmış qaçqınlıq və məcburi köçkünlük problemi, onun tarixi kökləri və həlli istiqamətində həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verib. Qaçqınların və məcburi köçkünlərin hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğu, onların sosial problemlərinin həllinə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da xüsusi həssaslıqla yanaşdığı diqqətə çatdırılıb. Qeyd olunub ki, ərazilərimizin işğal altında olduğu 30 ilə yaxın qeyri-müəyyənlik dövründə əhalinin həssas qrupuna daxil olan məcburi köçkünlərin sosial problemlərinin həlli üçün dövlət tərəfindən ardıcıl tədbirlər həyata keçirilib. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 116 yaşayış kompleksi istifadəyə verilib, 320 mindən çox məcburi köçkün yeni mənzillə təmin olunub.
Diqqətə çatdırılıb ki, 2020-ci ildə Vətən müharibəsindən sonra regionda yeni reallıqlar meydana gəlib. Qaçqın və məcburi köçkünlərin beynəlxalq hüquq normalarına uyğun olaraq, doğma yurdlarına qayıtmasına imkan yaranıb. Artıq Azərbaycan dövləti tərəfindən məcburi köçkünlərin bir qrupu geri qayıdıb. Zəngilan rayonunun “ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulmuş Ağalı kəndinə 66 ailə, 326 nəfər köçürülüb. Vurğulanıb ki, işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı layihələr həyata keçirilir, lakin Ermənistanın 30 ilə yaxın işğal altında saxlanılan hərbi təyinatı olmayan torpaqları belə minalaması Böyük Qayıdış prosesini ləngidir.
Bildirilib ki, Vətən müharibəsində Prezident İlham Əliyevin siyasi meydanda olduğu kimi, informasiya cəbhəsində də dünyanın aparıcı, beynəlxalq ictimai rəyə əsaslı təsir göstərən kütləvi informasiya vasitələrinə müsahibələri jurnalistlər üçün əsl master-klass idi. Eyni zamanda, dövlətimizin başçısı strateji kommunikasiya sahəsində də lider olduğunu bir daha sübut etdi.
Çıxışı zamanı Dövlət Komitəsinin sədr müavini Vətən müharibəsində dəstəyinə görə, qardaş Türkiyə Cümhuriyyətinə təşəkkür edib. Azərbaycanın beynəlxalq təşkilatlar, eyni zamanda Türkiyənin dəstəyi ilə post münaqişə bərpası, reinteqrasiyası və keçmiş məcburi köçkünlərin qayıdışı ilə bağlı yeni dünyəvi model təqdim edəcəyi və işğaldan azad olunmuş əraziləri cənnətə çevirəcəyinə əminlik ifadə olunub.
Qeyd edək ki, “Qeyri-müəyyənlik dövründə strateji kommunikasiya” mövzusunda keçirilən sammitdə “Qlobal cavab verən texnoloji cəmiyyətin qurulması”, “Daha effektiv hökumət kommunikasiyasına doğru”, “OSINT (açıq mənbəli kəşfiyyat) niyə bu qədər populyardır?”, “Strateji kommunikasiya münaqişələrin həllində sabitləşdirici qüvvə kimi”, “Kəşfiyyatın rolu” Terrorla Mübarizədə”, “Qlobal Qeyri-müəyyənliklərlə Mübarizə üçün İctimai Ünsiyyətdə Bacarıqların Gücləndirilməsi”, “Google və YouTube-da 2022 Axtarış və İzləmə Trendləri”, “Ekstremizm və Nifrət Nitqi ilə Mübarizə” və “Türkiyə Sosial Şəbəkə Xəritəsi” panellərində müzakirələr aparılıb. Tədbirdə 24-dən çox ölkədən 52 məruzəçi və 3000-dən çox qonaq iştirak edib. Açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sammit iştirakçılarına müraciəti olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu