Almaniya Rusiyanın neft və qazından imtina edəcək
Almaniya kansleri Olaf Şolts ölkəsinin uzunmüddətli perspektivdə Rusiyanın enerji mənbələrindən tamamilə imtina edə biləcəyinə ümid bəsləyir.
AFN.az xəbər verir ki, kansler bunu Almaniya mediasına müsahibəsində deyib. O, eyni zamanda, Almaniyanın bu qışdan uğurla çıxacağına və sənaye gücünü saxlayacağına əminliyini ifadə edib.
“Biz 2045-ci ildən başlayaraq tamamilə iqlimə neytral olmaq və enerjimizi təbii qaz, kömür və neftsiz əldə etmək istəyirik”, - deyə Olaf Şolts bildirib.
Almaniya hökumətinin başçısı, həmçinin Ukrayna müharibəsi başa çatdıqdan sonra Avropada silahlara nəzarət üzrə Rusiya ilə danışıqlara qayıtmağa hazır olduğunu vurğulayıb: “Biz Avropada silahlara nəzarət üzrə Rusiya ilə danışıqlara hazırıq. Bu barədə danışıqlar hələ münaqişədən əvvəl başlayıb və bizim mövqeyimiz dəyişməyib”.
Olaf Şolts Almaniyanın Ukraynaya yardımı davam etdirəcəyini təsdiqləyib. Həftənin əvvəlində Bundesver Kiyevə 20 ədəd təkərli “Dingo” zirehli maşını və iki ədəd M1070 “Oshkosh” tank daşıyıcısı tədarük edib. Yaxın vaxtlarda Kiyevə 18 ədəd ACS RCH-155 özüyeriyən artilleriya qurğusu, avtomobil texnikası, pilotsuz uçan aparatlar əleyhinə sensorlar da çatdırılacaq.
Almaniya kanslerinin sözlərinə görə, Berlin NATO ilə Rusiya arasında birbaşa münaqişənin qarşısını almaq üçün səylərini əsirgəmir. “Biz Rusiya ilə NATO arasında birbaşa müharibənin qarşısını almaq üçün əlimizdən gələni edirik. Belə müharibədə yalnız uduzanlar olacaq”, - deyə hökumət başçısı əlavə edib.