Paşinyan sülhməramlıları ittiham etdi
Ermənistanın baş naziri Nikol Paşinyan Şuşa-Xankəndi yolunun bağlanmasına görə, Azərbaycan ərazisindəki Rusiya sülhməramlı kontingentini ittiham edib.
AFN.az-ın məlumatına görə, Baş nazir bu haqda Ermənistan hökumətinin iclasında çıxışı zamanı danışıb. O, bildirib ki, “Dağlıq Qarabağ”da yerləşdirilən Rusiya sülhməramlı kontingenti Laçın dəhlizinə nəzarətin həyata keçirilməsi ilə bağlı üçtərəfli bəyanatda qeyd olunan öhdəliyini yerinə yetirmir. “Laçın dəhlizində ötən həftədən yaranmış böhran bir hal istisna olmaqla həll olunmayıb: “Dağlıq Qarabağ”a qaz təchizatı bərpa edilib”- deyə Paşinyan qeyd edib.
Paşinyan Azərbaycanı və Rusiya sülhməramlılarını 2020-ci il 10 noyabr Bəyanatını pozmaqda ittiham edib. “Bəyanatın 6-cı bəndinə əsasən, Laçın dəhlizi Rusiyanın “Dağlıq Qarabağ”dakı sülhməramlı qüvvələrinin nəzarətindədir və Azərbaycan Laçın dəhlizi ilə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinin təhlükəsizliyinə təminat verir. Bu gün bu müddəa faktiki olaraq həyata keçirilmir”-Paşinyan belə deyib.
Paşinyanın sözlərinə görə, Rusiya sülhməramlı kontingenti üçtərəfli bəyanatda qeyd olunan öhdəliyi, yəni Laçın dəhlizini nəzarətdə saxlamaq öhdəliyini yerinə yetirmir.
M.Vahidli