Rusiya Federasiyası ilə ultimatum dili ilə danışmaq fikrində deyilik - Paşinyan
“Ermənistan Laçın dəhlizinin açılması zərurəti ilə bağlı Rusiya Federasiyası ilə ultimatum dili ilə danışmaq fikrində deyil”.
AFN.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında belə deyib.
“Hesab edirəm ki, biz tərəfdaşlarımızla ultimatum dilində danışmamalıyıq. Bu məsələ ilə bağlı söyləməli olduğumuz hər şeyi biz dəfələrlə bəyan etmişik və ümumilikdə əlavə etməli heç nə yoxdur”. Onun sözlərinə görə, Laçın dəhlizinin maneəsiz işləməsi Rusiya Federasiyasının sülhməramlıları tərəfindən təmin edilməlidir. “9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın altıncı bəndində qeyd olunur ki, Laçın dəhlizinin rahat işləməsi üçün hüquqi öhdəliklər Azərbaycan və Rusiyanın üzərinə düşür. Rusiya Federasiyasının sülhməramlılarına gəlincə, dəhlizin fəaliyyətini məhz onlar təmin etməlidir”-deyə Paşinyan əlavə edib.
M.Vahidli