“Vətən müharibəsi: şəhidlər və şahidlər gənclərin gözü ilə”: İstanbulda sənədli filmin təqdimatı keçirildi - FOTO


Türkiyənin İstanbul şəhərində “Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyilə İkinci Qarabağ Savaşından bəhs edən “Vətən müharibəsi: şəhidlər və şahidlər gənclərin gözü ilə” sənədli filminin təqdimat mərasimi keçirilib. “Yeni Çağ” Media Qrupu tərəfindən istehsal olunan sənədli filmin İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyində (İSTAD) baş tutan təqdimat mərasiminə İSTAD sədri Səfər Qaraqoyunlu, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, “Mustafazadə” Qrupunun başqanı, araşdırmaçı yazar Rəşid Mustafazadə, Pakistan-Türkiyə Gənclər Dərnəyinin sədri Anas Avan, Banqladeşli Tələbələr Topluluğunun lideri Məhəmməd Tariq İslam, ictimaiyyət və media nümayəndələri qatılıblar.


İlk olaraq Azərbaycan və Türkiyənin himnləri səsləndirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbiri giriş sözü ilə açan “Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək” İctimai Birliyinin sədri, layihə rəhbəri Cavid Əliyev sənədli filmi ərsəyə gətirməkdə məqsədin Azərbaycanın Vətən müharibəsi həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması olduğunu vurğulayıb.

“Sənədli filmin Türkiyədəki təqdimatının 24 dekabr tarixinə, yəni Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum gününə təsadüf etməsinin də rəmzi mənası vardır. Damarlarında ali türk sərkərdələrinin qanı axan cənab prezidentin dəyanət və dirayəti, vətənpərvər oğullarımızın şücaəti nəticəsində çoxillik işğala son qoyuldu, bölgənin taleyini dəyişəcək yeni siyasi reallıqları bütün dünyaya diqtə edildi”, – deyə o bildirib.

Çıxış edən İSTAD sədri Səfər Qaraqoyunlu da Vətən müharibəsində əldə edilən qələbənin türk dünyasında oyandırdığı əks-sədadan danışıb. Səfər Qaraqoyunlu, “Savaşda qazandığımız qələbə bütün türk dünyasını qəflət yuxusundan ayıltdı. Artıq bütün türk cümhuriyyətləri türk birliyinin önəmini daha yaxşı dərk edirlər”, – deyə vurğulayıb.

“Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər çıxışında əsas diqqəti gənclərə yönəldib. O bildirib ki, Vətən savaşında zəfər qazanılmasında gənclərin müstəsna xidmətləri olub.

“İyirmi birinci əsrdə heç bir müharibəyə şahid olmamış, savaş görməmiş, ancaq işğal faktı ilə üzləşmiş gənclər savaşda vətənlərini nə qədər sevdiklərini sübut etdilər. Bu gün cəbhə savaşı bitib. Ancaq ideoloji müharibə davam edir. Laçın yolunda vətəndaş cəmiyyəti nümayəndələrinin başlatdığı aksiya da buna bariz nümunədir. Dünən olduğu kimi bu gün də dünya erməni yalanına inanmaq istəyir, bizim yanımızda isə Türkiyə var”, – Aqil Ələsgər qeyd edib.

Dünyada yaşayan azərbaycanlıların Vətən savaşı dönəmində gördükləri işlərdən bəhs edən “Mustafazadə” Qrupunun başqanı, araşdırmaçı yazar Rəşid Mustafazadə də gənclərin fəaliyyətinə diqqət çəkib. O bildirib ki, böyük əzm nümayiş etdirən gənclərimiz yaşadıqları ölkələrdə insanların diqqətini müharibə həqiqətlərinə çəkməyi bacarmışdılar.

Digər çıxışçılar da sənədli filmin dünyaya verəcəyi mesaj ətrafında müzakirə aparıblar.

Sonda “Vətən müharibəsi: şəhidlər və şahidlər gənclərin gözü ilə” sənədli filmi izləyicilərə təqdim olunub.

Qeyd edək ki, “Yeni Çağ” Media Qrupu tərəfindən istehsal olunan filmin ilk təqdimatı dekabrın 23-də Azərbaycanda baş tutub.




























AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu