Tətildən sonra yeni iş rejiminə necə başlamaq olar: psixoloqdan məsləhət
İşləyən şəxslər hər bayram tətilindən sonra yeni iş günlərində rejimə öyrəşmək problemi yaşayırlar. Tətil günlərində rejimi yadırğayan işçilər həm fiziki, həm zehni çətinliklərdən şikayətlənirlər.
AFN.az klinik psixoloq Tatyana Metelevanın təklif etdiyi tətildən sonra iş rejiminə asanlıqla başlamağın yollarını təqdim edir.
“Bu prosesdə hormonal rejimlə yanaşı, biokimya da iştirak edir" - deyən mütəxəssisin sözlərinə görə, bayramlar zamanı bədənimiz rahatlıq, dinclik və adətən bayramlarda özümüzə verdiyimiz sərbəstlikdən həzz alma rejiminə uyğunlaşır. Bütün bunları yaşayarkən isə digər hormonlar sərbəst buraxılır: "Bu baxımdan iş ritminə qayıtmağınıza kömək edə biləcək bir neçə qayda var. Tətilin bitməsinə bir neçə gün qalmış işə hazırlaşmağa başlamaq lazımdır. Məsələn, iş həftəsinin başlamasına iki gün qalmış bir neçə iş zəngi edə və ya bir neçə e-poçta cavab verə bilərsiniz. Bu, tədricən işə köklənməyə və ritmə uyğunlaşmağa kömək edəcək.
İşə getməzdən iki gün əvvəl ay üçün növbəti işləri planlaşdıra və ya mümkün qədər tez yerinə yetirilməsi lazım olan işləri təyin edə bilərsiniz. İlk iş həftəsini mümkün qədər çox planlaşdırın ki, hər gün hansısa vacib və lazımlı işiniz olsun".
Psixoloq qeyd edib ki, planlaşdırma müəyyən motivasiya və işə münasibət yaradır: "Əgər gündəliyə nəsə yazılıbsa, çox güman ki, bu işlər görüləcək və siz əvvəlcədən işə köklənəcəksiniz".
İşə getməzdən bir neçə gün əvvəl yuxu rejimini bərpa etmək də vacibdir. Tədricən bir-iki saat əvvəl oyanmaq və ritmi iş üçün adi kursa döndərmək lazımdır.