Ən dadlı və asan lahmacun resepti


Lahmacun yəqin ki, çoxlarının tez-tez istehlak etməyi xoşladığı yeməklərdəndir.


Qeyd edək ki, lahmacun Türkiyə mətbəxinə aid olan fast-food yeməyidir. Təbii ki, fast-food yeməkləri əsasən ziyanlı hesab edilsə də, lahmacun hazırlanmasından asılı olaraq bu siyahıdan tədricən çıxmaqdadır. Bəs ən dadlı və ən asan yolla necə lahmacun hazırlamaq olar? Ən dadlı lahmacun necə hazırlanır? Lahmacunun içliyi üçün nələr lazımdır? Hazır yuxalarla lahmacun hazırlamaq mümkündürmü?

AFN.az bütün bu suallara aşağıda cavab təqdim edir. Bir qayda olaraq, lahmacunu sobada bişirmək daha məsləhətlidir. Çünki belə olanda onun içliyi yetərincə bişir. Bunu isə adətən ustalar çiy xəmirlə etməyə üstünlük verirlər. Bizim təqdim edəcəyimiz lahmacun reseptində isə daha asan və keyfiyyətli yolu əksini tapıb.

Öncə lahmacunun içliyi hazırlanır. Bunun üçün 500 qram mal əti, 200 qram quyruq ət maşınında çəkilir. Ardınca 3 ədəd ortaboy soğan, 2 ədəd göy, 2 ədəd qırmızı bibər, 3 ədəd ortaboy pomidor və 1 iri dəstə cəfəri maşından keçirilir. Üzərinə 2 xörək qaşığı pomidor, 2 xörək qaşığı bibər tomatı, 4 xörək qaşığı duru yağ, zövqə görə duz, istiot əlavə edilib qarışdırılır. İçlik hazır olduqdan sonra lahmacun üçün yuxalar hazırlanır.

Yuxalar üçün 1.5 kq una apardığı qədər su, qədərində duz əlavə edilib adi xəmir yoğrulur. Xəmir hazır olduqda 18 bərabər hissəyə ayrılaraq xırda kündələr tutulur. Həmin kündələri yayaraq təxminən 33 sm diametrdə yuxalar bişirilir. Yuxaların ölçüsünü istəyinizə görə böyüdüb-kiçildə bilərsiniz. Bunu kündələri tutmazdan əvvəl müəyyənləşdirməlisiz. Yuxaları əlinizdə tunc tava varsa onda, yaxud sacın üzərində bişirə bilərsiniz. Yuxaların hər iki üzü bişirilir. Daha sonra hazır yuxanın axtar üzünə içlikdən 2 xörək qaşığı əlavə edib hər tərəfinə bərabər yayılır və soba listinə əlavə edilir. Əvvəlcədən 220 dərəcədə, alt-üst isidilmiş sobada təxminən 6-7 dəqiqə bişirilir. Bu qaydada hazırlanan lahmacunlar heç də usta əlindən çıxandan geri qalmır.

Hazırlayan hər kəsə nuş olsun!



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu