Vaksinasiya haqda düşünmürəm - deputatdan açıqlama
“COVID-19 əleyhinə vaksin vurdurmağı hələlik düşünmürəm. Çünki çox sağlam adamam”.
Bunu Milli Məclisin deputatı Sabir Hacıyev bildirib. O, həyatı boyu xəstələnmədiyini xüsusi olaraq qeyd edib: “Nə zamansa xəstələndiyimi xatırlamıram. Evimdə heç bir dərman vasitəsi yoxdur. İnanın, temperaturumun yüksəldiyi də ağlıma gəlmir. İnsanlar hər il mövsümi xəstəliklərlə, qriplə mübarizə aparır.
Mən heç vaxt qrip də olmamışam. Hesab edirəm ki, ağır qrip keçirən insanlar mütləq qrip əleyhinə peyvənd vurdurmalıdır. Hətta tez-tez xəstələnən adamlar koronavirus əleyhinə vaksinasiya olunmalıdır”.
Sabir Hacıyev heç vaxt xəstələnməməsinin səbəblərini də açıqlayıb. Deyib ki, hər şeydən öncə idmanla məşğul olur: “Deyəndə ki “xəstələnmirəm”, bu, çoxlarına qəribə gəlir. İllərdir idmanla məşğul oluram. Bir ildən çoxdur ki, idman zalları bağlıdır və mən ev şəraitində idmana davam edirəm. Düzü, idman zallarının bağlı qalmasını məntiqlə anlamıram.
Necə olur ki, restoranlar açılır, amma zallar yox?! Halbuki idman zallarında məsafə mütləq olur. Trenajorda ancaq bir adam məşq edir. Parlamentin ötən plenar iclasında həmkarım Fazil Mustafa da bu məsələyə haqlı iradını bildirmişdi”.
Deputat sağlam qidalanmanın da əsas şərt olduğunu vurğulayıb: “İdmanla yanaşı, həm də sağlam qidalanmaya üstünlük verirəm. Subay adamam. Evdə yeməklərimi də özüm hazırlayıram. Ən yaxşı iki, ya da üç aşpaz varsa, onlardan biri mənəm.
Aş, bozartma, buğlamanı o qədər dadlı bişirirəm ki, məni tanıyanlar restorana yox, evimə qonaq gəlir. Dünya mətbəxinin təamlarını də çox dadlı hazırlaya bilirəm.
Bir sirr açım: yeməkləri sevgi ilə, məhəbbətlə bişirdiyimdən çox dadlı alınır. Hətta bəzi aşpazlar da bir neçə dəfə necə dadlı yemək bişirdiyimin şahidi olub. Əti necə səliqəli doğradığımı da söyləyə bilərəm.
Mətbəx sevgim uşaq yaşlarımdan formalaşıb. Yadımdadır ki, vaxtilə müxtəlif vəzifələrdə işləsəm də, bazarlığı heç vaxt sürücünün öhdəsinə buraxmamışam. Çox yaxşı bazarlıq etmək bacarığım da var”.(Modern.az)