Oxucu istədi, biz araşdırdıq: Sarımsaq qoxusuna necə "qalib gələk"?
Sarımsağın inanılmaz faydalarından danışdıqda, ilk ağla gələn onun qoxusudur. Aydın məsələdir ki, sarımsaq nə qədər xeyirli qida olsa da, onu yedikdən sonra ağızdan gələn qoxu ətrafdakıları narahat edir. Bu isə sarımsağın möcüzəvi faydalarından yararlanmağa mane olan əsas məsələyə çevrilir.
Son yazılarımızdan birində məhz sarımsağın faydalarından bəhs etsək də, sosial şəbəkələrdə müzakirələr zamanı oxucularımız qoxudan şikayətlənərək, bu səbəbdən ondan istifadə edə bilmədiklərini bildirdilər. Hətta bəziləri yazaraq, bunun üçün nə etmək lazım olduğunu soruşdular. Necə etmək olar ki, sarımsaq yedikdən sonra ətrafımızdakıların "zəhləsini tölməyək"?
AFN.az xəbər verir ki, bunun üçün təbii yollardan istifadə etmək lazımdır. Məsələn, hər sarımsaq yedikdən sonra bir ədəd alma yemək bu tərəvəzin xoşagəlməz qoxusunun aradan qalxmasına kömək edir. Almanın oksidləşdirici fermentləri sarımsaq qoxusunu yox edir.
Sarımsaq qoxusunu aradan qaldırmaq üçün məsləhət görülən vasitələrdən biri də süd içməkdir. Aparılan bir araşdırmalara görə, sarımsaqla birlikdə süd qəbul etmək pis qoxunu azaldır.
Nanə nəinki sarımsağın qoxusunu, ümumiyyətlə, ağızdan gələn müxtəlif pis qoxuları yox etməkdə ən unikal yardımçılarımızdandır. Tərkibindəki xlorofil sarımsaq qoxusunu öldürür. İstəsəniz çeynəyərək, istəsəniz dəmləyib çay kimi qəbul edə bilərsiniz.
Sarımsaq qoxusunu yox edən bitkilərdən daha biri reyhandır. Sarımsaq tərkibli hər hansı bir yemək yedikdən sonra bir-iki yarpaq reyhan çeynəmək özümüzün və ətrafımızdakıların rahatlığı üçün vacibdir.
Ağızdan sarımsağın qoxusunu yox etmək üçün ən inanılmaz vasitə isə paslanmayan dəmirdir. Qaşıq və s. paslanmaz dəmirdən hazırlanmış əşyaları ağzınızda gəzdirə bilərsiniz. Əgər əllərinizin sarımsaq qoxmasını istəmirsinizsə, onları paslanmaz dəmir əşyalarla ovxalayın.
Sarımsaq qoxusuna qarşı istifadə edə biləcəyimiz qidaların siyahısında həmçinin limon, hil də var. Limonu qabıqlı yemək, yaxud suyunu içmək sarımsaqdan sonra nəfəsinizi təravətləndirəcək. Təbii ki, bir də sarımsaqlı qidalardan sonra dişlərinizi məcunla fırçalamaq lazımdır.