Azad edilmiş ərazilərdə sahibkarlara verilən kreditlərə dövlət zəmanətinin şərtləri məlum olub
İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərə dövlət zəmanətinin verilməsi şərtləri məlum olub.
AFN.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması qaydası”nda əksini tapıb.
Qaydaya əsasən, dövlət zəmanəti ilə təmin edilən kreditlər aşağıdakı tələblərə cavab verməlidir:
- bir sahibkarlıq subyektinin bütün müvəkkil kredit təşkilatları üzrə dövlət zəmanəti verilən cəmi kreditlərinin məbləği 5 milyon manatdan çox olmamalı;
- kreditin illik faiz dərəcəsi 15 faizdən çox olmamalı;
- kreditin müddəti 7 ildən çox olmamalı;
- kredit üzrə güzəşt müddəti kreditin müddətinin yarısından çox olmayaraq, 36 ayadək olmalı;
- bir kredit üzrə verilən dövlət zəmanətinin kreditə nisbəti 90 faizdən çox olmamalıdır.
Dövlət zəmanəti bu Qaydada nəzərdə tutulan tələblərə cavab verən kreditlərə Maliyyə Nazirliyi tərəfindən bu Qaydaya Əlavə – “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi barədə Çərçivə Zəmanət Sazişi” əsasında verilir.
Azərbaycan Biznesinin İnkişafı Fondu bu Qaydada nəzərdə tutulan Çərçivə Zəmanət Sazişi əsasında verilmiş dövlət zəmanətindən istifadə edilməsi barədə Nazirliyə növbəti ayın 10-dək hesabat təqdim edir. Hesabatın forması Fond və Nazirlik tərəfindən təsdiq edilir.
Dövlət zəmanəti üzrə öhdəliklərin icrası və bu öhdəliklərlə bağlı edilmiş ödənişlərin bərpası müvafiq olaraq bu Qaydaya uyğun həyata keçirilir.