Qarabağda kreditlərə dövlət zəmanəti verilməsi, faizlərin subsidiyalaşdırılması qaydası təsdiqləndi - FƏRMAN
“İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası” təsdiq edilib.
Prezident.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərmanı imzalayıb.
Fərmana əsasən, Qaydaya uyğun olaraq sahibkarlıq subyektlərinə verilən 500 milyon manat kredit portfeli 450 milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilir.
Sənədlə nəzərdə tutulan dövlət zəmanəti Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu arasında bağlanılan, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Qaydaya Əlavə – “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi barədə Çərçivə Zəmanət Sazişi” əsasında verilir.