Hökumət elektrikli maşınlara tədbiq etdiyi 3 illik istehsal təşviqi msəsləsinə yenidən baxmalıdır - EKSPERT
Ölkəyə avtomobil idxalında maraqlı statistika açıqlanıb.
AFN.az xəbər verir ki, 2022-ci ildə Azərbaycana 74 577 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
İdxal edilən avtomobillərin ümumi dəyəri 1 mlrd. 57 mln. 800 min dollar olub – yəni, ortalama hər avtomobilin qiyməti 14184 dollar olub. Statistikaya görə, 2022-ci ildə 2021-ci ilə nisbətən 13,1% az avtomobil gətirilsə də, dəyər ifadəsində 2022-də 2021-ci ilə nisbətən 18,2% çox artım olub. Nəticədə ölkəyə gətirilən avtomobillərın də ortalama qiyməti artıb. Ölkəyə 155,4 mln. dollarlıq 11337 ədəd hibrid, 17,7 mln. dollarlıq 486 ədəd sırf elektriklə işləyən maşın gətirilib. Elektriklə çalışan maşınların sayı keçən il 2021-ə nisbətən 3 dəfə artıb.
İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, ötən il elektriklə işləyən maşınlara rüsumlarla bağlı güzəşt elan edilib, amma bu güzəştlərin son 3 ildə istehsal edilən maşınlara şamil edilməsi anormallıqdır: "Güzəşt elan olunan kimi ölkəyə gətirilən elektrikli avtomobillərin sayı kəskin artıb, amma dünya ölkələri ilə müqaisədə çox-çox azdır, cüzidir. Səbəbi də odur ki, 3 illik istehsal məhdudiyyəti məntiqsizdir – benzin/dizellə çalışan yeni avtobobillərə təşviq təyin etməyin məntiqi var, yeni avtomobillər ekoloji olaraq daha az zərərli olurlar. Amma elektriklə işləyən maşınlara belə yanaşma absurddur – 2010-cu il istehsalı elektrikli maşınla 2020-ci il istehsal tarixi olan elektrikli maşının ekoloji cəhətdən heç bir fərqi yoxdur. Hər ikisi elektriklə işləyir, hər ikisi ekologiyaya ziyan vurmur, çünki eyni texnoloji məntiqlə çalışırlar. Ona görə də hökumət elektrikli maşınlara tədbiq etdiyi 3 illik istehsal təşviqi msəsləsinə yenidən baxmalı, bu məsələ, ən azı son 10 il istehsal tarixi olan maşınlara tədbiq edilməlidir".