Qənirə Paşayeva İndoneziyanın Azərbaycandakı səfiri ilə görüşüb


Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-İndoneziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva İndoneziyanın Azərbaycandakı səfiri Hildi Hamidlə görüşüb.


AFN.az xəbər verir ki, səfir Hildi Hamid İndoneziya haqqında kitab yazmaq planına, ümumən İndoneziya ilə mədəni əlaqələrin güclənməsinə verdiyi önəmə və töhfələrə görə Q.Paşayevaya təşəkkür edib.

Səfir dost ölkələrimiz arasında mədəni əlaqələrin getdikcə daha da artmasının hər iki tərəf üçün faydalı olduğunu vurğulayıb. O, Q.Paşayevanı Asiya parlament Assambleyası sədrinin müavini seçilməsi münasibətilə təbrik edib.

Q.Paşayeva görüşə və xoş sözlərə səfirə təşəkkür edərək, İndoneziyaya səfərlərindən, orada beynəlxalq tədbirlərdə iştirakından, görüşlərdən, təəssüratlarından və ölkələrarası əlaqələrdən söz açıb. Ölkələrimiz arasında rəsmi və ictimai institutların xətti ilə baş tutan görüşləri, mədəniyyət, incəsənət xadimlərimizin səmimi əlaqələri sevindiricidir.

Vurğulanmışdır ki, Azərbaycanla İndoneziya arasında qardaşlıq, dostluq bağlarına uyğun olaraq, ikitərəfli qarşılıqlı siyasi dəstək, birgə güclü və etibarlı tərəfdaşlıq münasibətləri mövcuddur və bu mədəni əməkdaşlığa güclü zəmin və təkan yaradır. Ölkələrimiz beynəlxalq təşkilatlar səviyyəsində çox fəal şəkildə işbirliyinə malikdir, o cümlədən, BMT, Parlamentlərarası İttifaq, İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası, Asiya Parlament Assambleyası, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində səmərəli fəaliyyət göstərirlər.

Səfirlə Milli Məclisin Komitə sədrinin görüşündə qarşılıqlı mədəni əlaqələrin gücləndirilməsi ilə bağlı bir sıra məsələlər müzakirə olunub. Görüşdə “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva da iştirak edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının müstəqilliyi İndoneziya Respublikası tərəfindən 28 dekabr 1991-ci il tarixində tanınıb və iki ölkə arasında diplomatik münasibətlər 24 sentyabr 1992-ci ildə qurulmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 16 aprel 2004-cü il tarixində Azərbaycan Respublikasının İndoneziya Respublikasında Səfirliyinin təsis edilməsi haqqında Sərəncamı imzalamış və 13 sentyabr 2005-ci ildə imzalanan digər Sərəncamla İbrahim Hacıyev Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.

1 fevral 2006-cı ildə Cakarta şəhərində Azərbaycan Respublikasının Səfirliyi təsis edilmiş və bu, Azərbaycanın Cənub-Şərqi Asiya regionunda açılan ilk səfirliyi olmuşdur. İndoneziya Respublikası isə 2 dekabr 2010-cu ildə Bakı şəhərində səfirliyini açmışdır. İki ölkə arasında bir çox sahələrdəki genişmiqyaslı ikitərəfli münasibətlər günü-gündən inkişaf etməkdədir. Hər iki tərəf qarşılıqlı investisiya və ticarəti, turizm sektorunda əməkdaşlığı, təhsil və mədəniniyyət sahəsində əlaqələrin genişləndirilməsi, habelə Azərbaycan və İndoneziyanın regionları arasında münasibətlərin qurulmasını təşviq edir və dəstəkləyir. Azərbaycanla İndoneziya beynəlxalq səviyyədə tanınmış sərhədlərinə uyğun olaraq, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır və açıq şəkildə dəstəkləyirlər. Azərbaycan təbii fəlakətlər nəticəsində çətin günlər yaşayarkən qardaş İndoneziya xalqına humanitar yardım göstərərək dəstəkləmiş və onun yanında olmuşdur.

Əhaliyə dövlət xidmətlərinin göstərilməsi sahəsində ikitərəfli əməkdaşlıq iki ölkə arasında sürətlə inkişaf edən sahələrdən biridir. Azərbaycan eyni bir məkandan bütün dövlət xidmətlərinin göstərildiyi "Bir Pəncərə" sistemi olan "ASAN Xidmət" adlanan qurumun fəaliyyətini və uğurlu təcrübəsini İndoneziya ilə bölüşməkdədir.

İki ölkənin universitet və təhsil müəssisələri arasında əməkdaşlığın təşviqi Azərbaycan tərəfindən diqqət mərkəzində saxlanılan mühüm sahələrdən biridir və 2018-ci ildən etibarən Azərbaycan İndoneziyanın da üzv olduğu İƏT və Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşları üçün ali təhsil müəssisələrinin bütün səviyyələri üzrə təqaüdlər təqdim edir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu