RİNN ölkədə fəaliyyət göstərən internet provayderləri haqda məlumatları niyə açıqlamır?


Provayderlər haqqında, onların xidmətləri və əhatə dairəsi haqqında məlumat axtarmaq əbəs yerə əziyyət çəkmək deməkdir. Çünki belə bir məlumat bazası yoxdur. Halbuki hər yerdə ən müxtəlif adlarda provayderlərin reklamına rast gəlirik.


AFN.az xəbər verir ki, məsələ ilə bağlı ekspert Osman Gündüz şərh verib. O bildirib ki, provayderlərin sayı haqqında dəqiq məlumat heç yerdə yoxdur: "Bizim müşahidələrimiz göstərir ki , ölkəmizdə təxminən 90 -dan çox provayder fəaliyyət göstərir. Bunların içərisində 2 magistral(backbone) provayder, 2 dövlət provayderi, 3 mobil internet provayderi və 80-dən çox ikinci səviyyəli provayderlər var. Hansı ki, onlar da ADSL, GPON, LTE, kabel, mobil və digər fiber-optik texnologiyalar üzərindən xidmət göstərirlər".

Eksöertin sözlərinə görə, provayderlərin sayı son bir-iki ildə kəskin artıb: "Belə demək mümkünsə, lisenziyalaşdırılmayan bir xidmət sahəsi olduğundan, kimsə bir şirkət qeydiyyatdan keçirir, magistral provayderdən - ya "DeltaTelekom"dan, yaxud da "Azertelecom"dan müqavilə bağlayaraq topdan internet alır və mövcud telekommunikasiya infrastrukturundan maneəsiz istifadə edərək istifadəçilərə satır".

O.Gündüz qeyd edib ki, provayderlərin sayı haqqında əvvəllər nazirliyin saytında məlumat olub. Təxminən 50 provayderin siyahısı, onlar haqqında məlumat bazası mövcud olsa da, hazırda bunların heç biri yoxdur. Halbuki bir neçə il öncə provayderlərin məcburi uçotu ilə bağlı "Telekommunikasiya haqqında" qanuna dəyişiklik edilib və NK müvafiq qaydaları təsdiqləyib. Qaydalarla uçotun aparılması RİNN-ə tapşırılıb. Və maraqlıdır ki, bundan sonra həmin siyahı Nazirliyin saytından yığışdırılıb: "Adı çəkilən qaydalar da kifayət qədər bəsit hazırlanıb, provayderdən sadəcə özü haqqında, xidmətləri və əhatə dairəsi haqqında RİNN-ə məlumat vermək tələb edilir. Müraciət də onlayn formada nəzərdə tutulub. 2018-ci ildən uçot və qeydiyyat qaydaları qüvvədə olsa da, indiyədək mövcud provayderlərin dəqiq uçotu və siyahısı ortada yoxdur. Görünür ki, son illərdə RİNN tərəfindən aparılan yumşaq siyasət provayderlərin sayının kəskin artmasına təsir etsə də, eyni zamanda onların uçotdan yayınmasına da səbəb olub. Uçotdan yayınmağın cəriməsi isə 1000-1500 manat müəyyən edilib. Hələlik belə bir cərimə haqqında da məlumatlar verilməyib. Bildiyim qədər Nazirlik indi belə bir siyahının hazırlanması üzərində işləyir".

Mütəxəssisin sözlərinə görə, provayderlər haqqında, onların xidmət göstərdiyi ərazi və xidmətləri haqqında dəqiq və rəsmi məlumatlara ciddi ehtiyac var: "Zaman-zaman sosial mediada onlar haqqında, göstərdikləri xidmətlərin keyfiyyətsizliyi haqqında çoxsaylı şikayətlər müşahidə olunur. Bizə də bununla bağlı çox müraciətlər olur. Provayderlər haqqında məlumatlar istifadəçilər və maraqlı tərəflər üçün həm şikayət və müraciətlərə görə, həm də xidmətlərdən imtina və yeni provayderin və ya yeni xidmətlərin seçimi üçün mühüm əhəmiyyət kəsb edir. Ümid edirəm RİNN tez bir zamanda ölkəmizdə fəaliyyət göstərən bütün provayderlər haqqında uçot işlərini yekunlaşdıracaq və bu siyahını açıqlayacaq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu