Qənirə Paşayeva əməkdar artist Nofəl Vəliyevlə görüşüb
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Nofəl Vəliyevlə görüşüb
N.Vəliyevin yaradıcılıq uğurları və planları ilə tanış olan, onunla ətraflı fikir mübadiləsi aparan Komitə sədri, səhnə fəaliyyətində, yaradıcılıqda ona yeni uğurlar diləyib. Q.Paşayeva 50 illik yubileyi münasibəti ilə Əməkdar artistə Mədəniyyət Komitəsi adından Təbrik məktubu təqdim edib. Təbrik məktubunda sənətçinin həyat və fəaliyyətinin önəmli məqamlarına vurğu edilib:
“Hörmətli Nofəl müəllim,
Sizi 50 illik əlamətdar yubileyiniz münasibəti ilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!
Siz əlamətdar yubileyinizi Mirzə Cəlilin “Dəli yığıncağı” tamaşası ilə qeyd etmisiz. Fərqli estetikada, çağdaş dövrün tələblərinə uyğun qurulan bu tamaşa böyük dramaturqun toxunduğu problemləri fərqli yöndən göstərir. Dəli Molla Abbas ibn Yəqub rolunu oynadığınız “Dəli yığıncağı”ndan başqa, klassikin “Məkkəyə yol” əsərində Məhəmmədhəsən əmi, eləcə də, digər klassiklərin ünlü əsərlərində yaddaqalan obrazlar yaratmısınız. Leylinin atası (“Leyli və Məcnun”, M.Füzuli), Aparıcı (“Sərgüzəşti vəziri Xani Lənkəran”), Şahbaz, Müsyo Jordan (“Hekayəti Müsyö Jordan və Dərviş Məstəli şah”), Namaz (“Hekayəti-xırs-quldurbasan”; M.F.Axundov), Aydın (“Aydın”, C.Cabbarlı), Şeyx Sədra (“Şeyx Sənan”, H.Cavid), Kreont (“Şah Edip”, Sofokl), Montekki (“Romeo və Cülyetta”), Kapuletti (“Romeo və Culyetta”), Klarens - hersoq (“III Riçard”), Kassio (“Otello”, U.Şekspir), Müller (“Məkr və məhəbbət”, F.Şiller), Motsart (“Motsart və Salyeri”, A.Puşkin), Xəyalpərəst (“Ağ gecələr”), Knyaz Mışkın (“İdiot”, F. Dostoyevski), Qayev (“Albalı bağı”, A.Çexov), Corc (“Adamlar və siçanlar”, C. Steynbek), Doktor Losbern (“Oliver Tvistin macəraları”, Ç.Dikkens), Şair (“Qulliver cırtdanlar ölkəsində”, C.Svift) Sizin tamaşaçı rəğbəti görmüş rollarınızdandır.
Bir neçə televiziya tamaşasında və telefilmlərdə də çəkilmisiz.
Siz 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram və kino aktyorluğu” fakültəsini bitirmisiz.
1991-ci ildən Bakı Kamera Teatrının, 2009-cu il oktyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyorusuz.
2006-cı ildə Rusiya Fedarasiyasında keçirilmiş Dostoyevski adına Beynəlxalq Festivalın laureatısız.
2015-ci ildə Türkiyədə ünlü kino və teatr aktyorlarının iştirakı ilə təşkil edilən yay məktəbinin yekununda hazırladığınız “Qaçaq qocalar” tamaşası “Ən yaxşı rejissor işi” nominasiyasında ödülə layiq görülüb.
2002-ci ildə “Əməkdar artist” fəxri adı ilə təltif edilmisiz.
2019-2021-ci illərdə Prezident Mükafatına layiq görülmüsüz.
Sizi bütün uğurlarınız və əlamətdar yubileyiniz münasibəti ilə bir daha təbrik edir, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirəm”!
Komitə sədri yubilyara xatirə hədiyyəsi bağışlayıb. N.Vəliyev görüş və xoş sözlər üçün Q.Paşayevaya təşəkkür edib.