Meşə fondu torpaqlarında 178 mindən artıq ağac əkilib
Bu ilin ötən dövrü ərzində meşə fondu torpaqlarında 178 mindən artıq ağac əkilib.
Növbəti meşəbərpa tədbirləri bu gün Şabran, Quba, Tovuz, Ağcabədi, Sabirabad və Lənkəran rayonlarının meşə fondu torpaqlarında aparılıb.
Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə gün ərzində 18 hektar sahədə 20 min ağac tingi əkilib, bir tondan artıq toxum səpilib.
“Eyni zamanda, bu gün Şabran rayonunun yay aylarında yanğına məruz qalmış meşə fondu ərazisində Regional Meşə Təsərrüfatı Mərkəzinin və
Fövqəladə Hallar Nazirliyinin Şimal Regional bölməsinin əməkdaşlarının iştirakı ilə meşəbərpa tədbirləri aparılıb, göyrüş tingləri əkilib, palıd toxumları səpilib”.
V.Fərzəliyevin sözlərinə görə, bu ilin ötən dövrü ərzində meşə fondu torpaqlarında 178 170 ağac tingi əkilib, 10 ton toxum səpilib.