BMT-dən Danimarkaya irqçilik ittihamı


Birləşmiş Millətlər Təşkilatı (BMT) Danimarkanı irqçiliyə qarşı təsirli tədbirlər görməməkdə ittiham edib.

AFN.az xəbər verir ki, təşkilatın İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsi belə qənaətə gəlib. Komitə hesab edir ki, Danimarka irqi ədavətin qızışdırılmasına qarşı təsirli tədbirlər həyata keçirməyib. Qurumun ekspertlərinin verdiyi bəyanata görə, bu, Danimarkanın hakimiyyət orqanlarının irqçi xarakterli şəkillərin nümayiş olunduğu sənət sərgisi ilə bağlı araşdırmaya xitam verməsində özünü göstərib. Söhbət 2014-cü ildə Danimarka parlamentinin binasında və Kopenhagendəki özəl qalereyalardan birində Danimarka Xalq Partiyasının himayəsi altında keçirilən ekspozisiyadan gedir.

Afro-İsveç Milli Assosiasiyasının rəsmi nümayəndəsi Momodu Cellou Danimarka hakimiyyətinə şikayət ərizəsi ilə müraciət edərək bildirib ki, o, irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiya ilə təmin edilmiş hüquqlarının pozulmasının qurbanı olub. Rəsmlərin birində Momodu Cellou ağasından qaçan bir qul kimi təsvir edilmişdi, digərində isə o, digər iki qara dərili insanla birlikdə körpünün altında boynundan asılmışdı. Şəkillərdən birincisinin üzərində “Bizim zənci qulumuz qaçır”, ikincisində isə - “Asılın, Afrofoblar” - deyə yazılıb. Şikayətçinin iddiası üzrə Kopenhagen dövlət prokuroru əvvəlcə istintaqa başlayıb, lakin sonra Avropa İnsan Hüquqları Konvensiyasının ifadə azadlığına dair 10-cu maddəsini əsas gətirərək prosesi dayandırıb. Müraciəti Danimarkada rədd edildikdən sonra Cellou 2018-ci ildə BMT-nin İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinə üz tutub.

Araşdırma aparan komitə ekspertləri belə qənaətə gəliblər ki, 2014-cü ildə sərgidə nümayiş etdirilən rəsmlər “irqçi nifrətin təzahürüdür”. Onların fikrincə, Danimarka hakimiyyəti irqi ayrı-seçkiliyin təzahürünə lazım olan reaksiyanı verməyib. Komitə Danimarkadan şikayətçidən üzr istəməsini və ona pulun tam geri qaytarılmasını təmin etməyi xahiş edib.

18 ekspertdən ibarət olan BMT-nin İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsi irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın dövlətlər tərəfindən yerinə yetirilməsinə nəzarət edirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu