Bakıda üzərində “Kalaşnikov” gəzdirən şəxs və narkokuryerlər saxlanılıblar
Sabunçuda keçirilən sonuncu əməliyyatlar zamanı narkotiklərin satışı, üzərində qanunsuz olaraq odlu silah gəzdirən və mənzillərdən silsilə oğurluqlar edən 7 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Balaxanı, Sabunçu və Ramana qəsəbələrində narkotik vasitələrin satışı ilə məşğul olan və üzərində qanunsuz olaraq silah-sursat saxlayan şəxslərə qarşı silsilə əməliyyatlar həyata keçirilib. Əməliyyatlar zamanı Azər Abbasov, Dadaş Dadaşov, Eldəniz Qəhrəmanov və Ramiz Təhməzov saxlanılıblar. Bu şəxslərin üzərindən və yaşadıqları evlərdən ümumilikdə 5 kiloqrama yaxın heroin aşkar edilib. Aparılan araşdırmalar zamanı bu şəxslərin hər birinin sosial şəbəkələr vasitəsi ilə İranda yaşayan narkotik vasitələrin onlayn satışı ilə məşğul olan həmin ölkənin vətəndaşları ilə əlbir olduqları müəyyən edilib. Saxlanılanların onlara pul müqabilində edilən narkokuryerlik təklifi ilə razılaşdıqları müəyyən edilib.
Şöbə əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb. Polisə Sahib Mehdiyevdə odlu silah olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbir nəticəsində həmin şəxs qısa zamanda tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 4 ədəd patron və həmin silaha məxsus daraq aşkar edilib.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar zamanı Sabunçu rayonunda 10-a yaxın evdən oğurluq edən Babək Məmmədov və Telman Əliyev də saxlanılıblar. Bu şəxslərin mənzillərdən təmir-tikinti və məişət əşyaları oğurladıqları müəyyən edilib.
Faktlarla bağlı 12-ci Polis Şöbəsində toplanmış materiallar aidiyyəti üzrə Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.