Narkotik alveri edən və odlu silah saxlayan 3 nəfər saxlanılıb
Sabunçu rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan və qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxslərə qarşı növbəti əməliyyatlar keçirilib. Nəticədə qanunsuz dövriyyədən 8 kiloqram narkotik vasitə və 1 ədəd “Kalaşnikov” markalı avtomat silah çıxarılıb.
DİN-dən AFN.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı paytaxt ərazisində narkokuryerliklə məşğul olan Həmid Həmidzadə saxlanılıb. Onun üzərindən 2 kiloqrama yaxın heroin aşkar edilib. Həmid Həmidzadənin sosial şəbəkələr vasitəsi ilə tanış olduğu İran vətəndaşının ona pul müqabilində etdiyi narkokuryerlik təklifi ilə razılaşdığı müəyyən edilib.
Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Əliyulla Hadıyev saxlanılıb. Onun üzərindən və evindən 4 kiloqramdan artıq marixuana aşkar edilib.
Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı isə Cavanşir Mövlanzadə tutulub. Onun üzərindən və yaşadığı evdən isə 2 kiloqrama yaxın heroin, marixuana, “Kalaşnikov” markalı avtomat, 11 ədəd patron və həmin silaha aid patron darağı aşkar edilib.
Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.