Samvel Babayanı Qarabağ kim göndərib?


Qondarma rejimin silahlı dəstələrinin keçmiş konmandanı Samvel Babayan bir neçə gündür ki, Qarabağdadır. Bu barədə “Hraparak” qəzeti məlumat yayıb.


Nəşrin yazdığına görə, Babayanın Qarabağa necə getdiyi məlum deyil. Ancaq müharibədən sonra Samvel Babayanın Qarabağa səfərləri qızğın müzakirələrə səbəb olur. Qeyd edilir ki, Qarabağdakı ermənilərin əksəriyyəti “komandir”in bölgəyə hansısa planla səfər etdiyinə əmindir. Müharibədən sonra soydaşlarla ilk kütləvi təmas ötən ilin oktyabrında olub. Babayan oktyabrın 5-də fikir ayrılığına səbəb olan mitinq keçirib.
Bir neçə aydan sonra Babayan yenidən Qarabağdadır və bu səfərin məqsədi ilə bağlı yenidən müxtəlif söz-söhbətlər dolaşır.
Bəziləri deyir ki, o, yaxın gələcəkdə fəallaşmaq və bundan sonrakı nəticələrlə Qarabağda yeni daxili siyasi birləşmədə öz yerini təsdiqləmək niyyətindədir. Başqa bir ehtimala görə, Nikol Paşinyan Qarabağda yalnız ona tabe olan yeni güc formalaşdırmağa çalışır və Babayanın orada görünməsi bu kontekstdə nəzərdən keçirilməlidir”-deyə “Hraparak” yazır.
Qeyd edək ki, Samvel Babayanın Qarabağa hansı məqsədlə getməsindən asılı olmayaraq, onun Xankəndiyə necə gedib çıxması sual doğurur. Bu, ilk növbədə, ermənilərin Laçın-Xankəndi yolunun bağlı qalması barədə təbliğatının yalan olduğunu təsdiq edir. Çox güman ki, Babayanın Qarabağa gəlişi qondarma rejimin daxilində Araik Arutunyan və Ruben Vardanyan arasında gedən siyasi çəkişmədən divident əldə etmək məqsədi daşıyır.
Samvel Babayanın Araik Arutunyanla münasibətləri “soyuq”dur. O, Araiki 44 günlük müharibədə məğlubiyyətin əsas səbəbkarlarından biri sayır. Bu səbəbdən ötən ilin payızında Samvel Babayan Ruben Vardanyanın Qarabağa gəlişinə dəstək verib. “Adam gəlib xalqına xidmət etmək arzusunu bildirdi, sizə xidmət etmək imkanı vermək lazımdır. Bilmirəm, hakimiyyət dəyişikliyi planlaşdırılır, ya yox, amma “xalq” (Qarabağ erməniləri-red.) ona böyük ümidlər bəsləyir, ona işləməyə icazə verilməlidir. Ola bilsin ki, insan bu ümidləri doğrulda bildi”-deyə Babayan açıqlama vermişdi. Hətta Babayan Vardanyanı “dövlət naziri” təyin edilməsi münasaibəti ilə xüsusi təbrik etmiş, onun Qarabağa gəlişini “ictimai tələb” adlandırmışdı.
Oktyabrın 5-də isə Babayan Xankəndidə Vardanyana dəstək məqsədilə mitinq keçirərək “Qarabağın heç vaxt Azərbaycanın tərkibində olmayacağını” bəyan etmişdi.
Ona görə də Samvel Babayanın Rusiya sülhməramlıların avtomobilində gizlədilərək Qarabağa keçirildiyi ehtimalı daha çoxdur. Rusiyanın məqsədi onun Vardanyana dəstəyini təmin etmək üçün terrorçu qruplar arasında təsirindən istifadə etmək ola bilər. Yəni Babayanı Arutunyana qarşı mübarizədə Vardanyanla taktiki maraqlar birləşdirə bilər.
Ancaq Babayanın Ermənistanın Baş naziri Paşinyanın təlimatı əsasında yeni güc mərkəzi formalaşdırmaq üçün Qarabağa göndərilməsi ehtimalı inandırıcı görünmür. Çünki Babayanın Paşinyanın adamı sayılan Arutunyanla münasibətləri gərgindir. Ona görə də bu iki nəfərin əməkdaşlığı mümkün hesab edilmir. Üstəlik, Babayan Qarabağ erməniləri arasında nüfuzlu adam kimi qəbul olunmur. Ona görə də onun nə Vardanyanın, nə də Paşinyanın işinə yarayacağı inandırıcı görünmür.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu