Türkiyəyə turist səfərlərində azalmalar sağlamlıq turizmi sahəsində də müşahidə olunacaq


Turizm elə bir həssas sahədir ki, dünyada baş verən bütün qlobal hadisələr bu sahəyə təsir edir. Düzdür, turizmin immuniteti də güclüdür, mərhələli şəkildə bərpa olunur. Amma hadisələrin baş verdiyi ölkələrə gələn turistlərin sayında istər-istəməz özünü göstərir.


Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin üzvü, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev AFN.az-a açıqlamasında qardaş Türkiyədə baş verən zəlzələni əsrin fəlakəti adlandırdı. Onun sözlərinə görə, təbii hadisənin miqyası o qədər genişdir ki, bunun Türkiyə turizminə təsirsiz olması mümkün deyil: “Üstəlik, nəzərə alaq ki, müxtəlif bölgələrdə fəaliyyət göstərən hotellər zəlzələdə evlərini itirən insanlar üçün açılır. Hazırda erkən rezervasiyalar dövrüdür. İnsanlar istirahət edəcəkləri məkanları seçərkən mütləq təhlükəsizlik tədbirlərini də nəzərə alırlar. Zəlzələ baş verənə qədər rezervasiya edən insanlar öz qərarlarına yenidən baxa bilərlər. Bu üzdən, Türkiyəyə turist səfərlərində azalmalar müşahidə ediləcək. Bu azalmalar sağlamlıq turizmi sahəsində də baş verəcək. Türkiyənin tibb sahəsində əldə etdiyi uğurlar ölkəyə sağlamlıq məqsədilə gələn insanların axınına səbəb olub. Amma davamlı olaraq baş verən zəlzələlər insanlar arasında ajiotaj yaradır. Bəzi fürsətçilər bu durumdan istifadə edərək şayiələr yayırlar, insanları qorxudurlar. Bu da təbii ki, insanların qərarına müəyyən dərəcədə təsir edir”.
Ruslan Quliyev qeyd etdi ki, bütün bunların fonunda mütəxəssislər ilin sonuna qədər Türkiyə iqtisadiyyatının 1-2 faiz azalacağını proqnozlaşdırır.

FƏXRİYYƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu