Belarusun müdafiə naziri Qərbin KTMT-yə təzyiq etdiyini deyir
KTMT və xüsusən də onun əksər üzvləri son vaxtlar Qərbin görünməmiş təzyiqləri ilə üzləşiblər.
AFN.az xəbər verir ki, bunu Belarusun müdafiə naziri Viktor Xrenin bildirib. “Həm bütövlükdə təşkilatın, həm də onun əksər üzvlərinin son vaxtlar görünməmiş təzyiqlərlə üzləşdiyi hər birinizə aydındır. Biz hamımız ABŞ-ın rəhbərlik etdiyi Qərb dövlətlərinin dünya nizamının öz modellərini, o cümlədən postsovet məkanındakı dövlətləri təşviq etmək məqsədi ilə davam edən intensiv xarici siyasət demarşlarının şahidi olduq”, - deyə Xrenin Minskdə keçirilən KTMT-yə üzv dövlətlərin silahlı qüvvələrinin beynəlxalq hərbi əməkdaşlıq idarələri rəhbərlərinin iclasında vurğulayıb.
Belarus müdafiə naziri qeyd edib ki, bu proseslərə qarşı mübarizə aparmaq üçün Belarus tərəfinin 2023-cü ildə KTMT-yə sədrliyi zamanı əsas diqqət təşkilatın özünü gücləndirmək məqsədilə KTMT üzvlərinin birliyinin artırılmasına və onlar arasında ziddiyyətlərin həllinə yönələcək: "Minskin sədrliyinin məqsədləri KTMT-nin beynəlxalq münasibətlər sistemində rolunu və əhəmiyyətini gücləndirmək, həmçinin KTMT-nin fəaliyyətinin qlobal və regional təhlükəsizlik kontekstinə hərtərəfli uyğunlaşdırılmasıdır. Belarus Respublikası KTMT-ni beynəlxalq və regional təhlükəsizliyin, sabitliyin, habelə üzv dövlətlərin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinin kollektiv əsasda qorunmasının təminatçısı hesab edir”, - deyə Xrenin qeyd edib.