Rusiyanın nüvə silahları Belarusda saxlanacaq
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Belarusun paytaxtı Minskdə belaruslu həmkarı Viktor Hrenin ilə görüşüb. Nazirlər Rusiya nüvə silahlarının Belarus ərazisində xüsusi anbarda saxlanmasını nəzərdə tutan protokolu imzalayıblar.
Rusiya və Belarus müdafiə nazirləri Belarusda Rusiyanın taktiki nüvə silahlarının yerləşdirilməsi haqqında sənəd imzalayıblar.
"Belarus müdafiə naziri Viktor Hrenin və Rusiyanın müdafiə naziri Sergey Şoyqu Minskdə ikitərəfli görüş keçirib", - Belarus Müdafiə Nazirliyinin bəyanatında deyilir. Hərbi rəhbərlər hərbi-siyasi vəziyyəti və müdafiə nazirlikləri arasında hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə ediblər. Rusiyanın qeyri-strateji nüvə silahlarının Belarus Respublikası ərazisindəki xüsusi anbarda saxlanması qaydasını müəyyən edən sənədlər imzalanıb.
Belarusun müdafiə naziri Hrenin görüşlə bağlı verdiyi açıqlamada Qərbin Rusiya və Belarusa “görünməmiş təzyiq” etdiyini bildirib və deyib: “Qərb həm Belarus Respublikasına, həm də Rusiya Federasiyasına bütün sahələrdə ölkələrimizin milli təhlükəsizliyi əleyhinə misli görünməmiş təzyiq göstərir. Bu şəraitdə Belarus Respublikası Rusiya Federasiyası ilə hərbi sahədə strateji müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsində, doktrinal sənədlərimizdəki öhdəliklərin gücləndirilməsi və ikitərəfli qarşılıqlı fəaliyyətin dərinləşdirilməsində maraqlıdır.
Mənbə: Reuters