S-400-lərin ikinci partiyasının Türkiyəyə çatdırılması Ankaranın etirazı səbəbindən gecikir
Rusiya S-400 hava hücumundan müdafiə sistemlərinin ikinci partiyasının Türkiyəyə təhvil verilməsi yubanır.
AFN.az "Aydınlıq" qəzetinə istinadən xəbər verir ki, yubanmaya səbəb Ankaranın kompleksin üçüncü ölkələrə satışını qadağan edən müddəaya etirazıdır. Eyni zamanda, qəzet özünün mənbələrinə istinadən qeyd edir ki, Rusiya tərəfi lazımi razılaşmaları imzalayıb və əməkdaşlıq məsələləri ilə bağlı müsbət “mesaj” verib.
Rusiya Türkiyəyə S-400 zenit-raket kompleksinin ikinci alayının verilməsi məsələsində heç bir maneə görmür. Bunu əvvəllər Rusiya Xarici İşlər Nazirliyinin departament rəhbəri Yuri Pilipson deyib.
Pilipsonun fikrincə, bu məsələ “həssasdır” və Moskva və Ankaranın milli maraqlarına zərər vurulmasının qarşısını almaq üçün “informasiya təmizliyinin” saxlanmasını nəzərdə tutur.
Rusiya və Türkiyə 2017-ci ildə 2,5 milyard dollar dəyərində S-400 alay dəsti ilə bağlı ilk müqavilə imzalayıb və silah tədarükü 2019-cu ilin yay-payız aylarında həyata keçirilib.