"Dünyanın ən tənha qorillası" üçün imza kampaniyası!
Gənc yaşlarında Almaniyadan Taylanddakı bir ticarət mərkəzindəki kafeyə gətirilən və 30 ilə yaxındır burada tək yaşayan qorilla Bua Noinin xilas edilməsi üçün başladılan petisiya 120 minə çatıb.
Onun haqqında dünya mətbuatında "Dünyanın ən tənha qorillası" ifadəsi işlədilir. Buna səbəb isə Bua Noinin Banqkokdakı ticarət mərkəzində zooparkdakı qəfəsində 30 ildən artıqdır ki, tək yaşamasıdır.
Bua Noini azad saxlamaq üçün Change.org saytında başlayan petisiya 120.000 imzaya çatıb. Sayt imzaların 150 minə çatacağı təqdirdə bunun “ən çox imzalanan” kampaniyalardan biri olacağını vurğulayıb. Heyvanları qorumaq məqsədi daşıyan qeyri-hökumət təşkilatı PETA, keçən il Bua Noi ilə bağlı verdiyi açıqlamada bu növ qorillaların öz növlərinin digər üzvləri ilə birlikdə inkişaf edən sosial heyvanlar olduğunu və buna baxmayaraq, onilliklər boyu tək yaşadıqlarını bildirmişdi.
Müğənni Cher və aktrisa Gillian Anderson da daxil olmaqla dünyanın müxtəlif yerlərində fəallar uzun müddətdir ki, Bua Noi-nin zooparkdan köçürülməsi üçün kampaniya aparsalar da, heç bir nəticəsi olmayıb.