Azərbaycanda kənd təsərrüfatı məhsullarının dəyəri açıqlanıb
2023-cü ilin yanvar-fevral ayları üzrə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 895,6 milyon manat təşkil edib ki, onun da 849,2 milyon manatı heyvandarlıq, 46,4 milyon manatı bitkiçilik məhsullarının payına düşür.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,3 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,4 faiz, bitkiçilik məhsulları üzrə 1,9 faiz
artıb.
Ölkənin əksər rayonlarında yazlıq bitkilərin əkininə başlanılıb. Mart ayının 1-nə kimi 54,7 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 8,6 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər (qarğıdalı daxil olmaqla), 14,7 min hektar sahədə kartof, 11,1 min hektar sahədə tərəvəz, 19,9 min hektar sahədə yemlik bitkilər, 0,3 min hektar sahədə texniki bitkilər, 0,1 min hektar sahədə sair bitkilər əkilib.