Ermənilər indi də Gorusdan "ərzaq" daşıyırlar
Qarabağda yaşayan ermənilər hələ də simovul kimi deşiklər axtarmağa, o deşiklər vasitəsilə "qidalanmağa" qərarlıdırlar.
AFN.az -ın xəbərinə görə, ordumuzun son əməliyyatından sonra nəzarətə götürülən Turşsu kəndindəki qondarma icma rəhbəri Qaqik Nəsibyan bildirib ki, Xankəndi ilə yolları tam bağlanıb, hazırda onlara ərzaq Gorusdan gətirilir. Qeyd edək ki, Azərbaycan ordusu son əməliyyatlarla Şuşanın Rusiya sülhməramlılarının nəzarəti altında qalan iki kəndinə Allahqulular və Zamanpəyəsinə nəzarəti bərpa edib.
Politoloq Asif Nərimanlı bildirib ki, Şuşanın Böyük və Kiçik Qaladərəsi kəndləri, eləcə də Turşsu kəndində hələ də ermənilər qalır. "Müharibədən sonra Laçın dəhlizinin köhnə marşrutu üzərində yerləşən bu kəndlər rusların nəzarət zonasında qaldı və ermənilərin müəyyən hissəsi oradan çıxmadı. Misal üçün, Turşsu kəndində 25 evdə 73 erməni yaşayır. Xankəndi-Xəlfəli-Turşsu yolunun ordumuz tərəfindən nəzarətə götürülməsindən sonra bu kəndlərin Xankəndindəki separatçılarla əlaqəsi bağlanıb" - deyə A.Nərimanlı qeyd edib.
Politoloqun sözlərinə görə, Qaqik Nəsibyanın açıqlamasından belə çıxr ki, ya Ermənistanın Qarabağa hansısa gizli yolla keçid imkanı hələ də qalır, ya da ruslar ərzağı Gorusdan gətirirlər: "Hər iki halda proses Azərbaycanın nəzarətindən kənarda baş verir. Və “ərzaq” adı altında Azərbaycan ərazisinə hansısa hərbi yüklərin daşındığı da istisna deyil. Məsələ ondadır ki, bunun belə olmadığına heç kim zəmanət də verə bilməz".