Azərbaycana ən çox turist hansı ölkələrdən gəlir? - AÇIQLAMA


“Smart Hotels Management” hotel idarəetmə şirkətinin təsisçisi və rəhbəri Ceyhun Aşurov Rusiyanın tanınmış “Turizm və mədəniyyət industriyası” jurnalına müsahibə verib.


AFN.az-ın xəbərinə görə, nəşrin suallarına cavab verən şirkət rəhbəri Azərbaycanın sağlamlıq turizmi sahəsində mövcud potensialından da danışıb. Onun fikrincə, akademik mənbələr sağlamlıq turizmini iki komponentə bölür - müalicə turizmi və sağlamlıq turizmi: “Məlumat üçün deyim ki, mən həm də Qlobal Səhiyyə və Səyahət Şurasının vitse-prezidentiyəm. Təşkilatın üzvü olan hər bir ölkə sağlamlıq turizmi sahəsində öz potensialını bu platformada təqdim edir.
Azərbaycanın bu sahədə, xüsusilə sağlamlıq turizmi baxımından unikal imkanları var ki, bu da ölkəyə çoxlu sayda turist axınını təmin edə bilər. Dünyada analoqu olmayan Naftalan neftini qeyd etmək kifayətdir - bu, sırf Azərbaycan məhsuludur və brendidir. Naftalan keçmiş Sovet İttifaqının hər yerindən gələn turistlərin sevimli məkanı idi və fəxrlə qeyd etmək istəyirəm ki, bu şəhərdə tutulduğu bəladan sağalmış xəstələrin sanatoriyalarda qoyub getdiyi qoltuq ağaclarının və əsaların toplandığı muzey hələ də var. Naftalan nefti müxtəlif xəstəliklər, o cümlədən oynaqlar, dayaq-hərəkət sistemi, dəri və s. xəstəliklər üçün çox faydalıdır. Zəngin bir biokimyəvi tərkibə malikdir, istifadəsi xəstənin vəziyyətində əhəmiyyətli yaxşılaşmaya kömək edir. İndiyədək ona maraq yüksəkdir, dünyanın hər yerindən turistlər həm müalicə, həm də sağalmaq üçün Naftalana getməyə davam edirlər. Pandemiyadan əvvəlki 2019-cu ildə buraya 60 minə yaxın turist gəlib. Yeri gəlmişkən, burada yüksək ixtisaslı kadrların olduğu, müalicə və istirahət üçün hər cür şəraiti olan bir neçə beşulduzlu hotel və istirahət mərkəzləri fəaliyyət göstərir.
Azərbaycan Naftalanla yanaşı, ölkənin müxtəlif bölgələrində də şəfalı bulaqları ilə tanınır və bu gün onların yanında beşulduzlu hotellər də tikilib, bütün lazımi infrastruktur yaradılıb. O cümlədən, hazırda Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Azərbaycanın erməni işğalından azad edilmiş Kəlbəcər rayonunda nadir şəfalı İstisu bulağının ətrafında belə qurğuların tikintisi davam etdirilir. Əminik ki, o, bölgənin sağlamlıq turizminin simvollarından birinə çevriləcək”.
Nəşrin “Hansı ölkələrdən tibbi turistləri daha çox cəlb etmək niyyətindəsiniz” sualına cavab olaraq Ceyhun Aşurov bildirib ki, bu gün Azərbaycana ən çox turist Rusiya, Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Hindistan, Pakistan, İsrail, Fars körfəzi ölkələri və s.-dən gəlir. Bununla bərabər, gələcək illərdə Azərbaycana turist axınının coğrafiyasının daha da genişlənəcəyi nəzərdə tutulur.

Fəxriyyə ABDULLAYEVA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu