Qənirə Paşayeva: Azərbaycana dərmanların gətirilməsindəki inhisarçılığa son qoyulmalıdır


“Bu gün Azərbaycana dərman vasitələrinin idxal prosedurunun sadələşdirilməsinə ehtiyac var”.


“Report” xəbər verir ki, bunu Milli Məclisin mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva parlamentin aprelin 11-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu sahədə ən vacib məsələ inhisarçılığa son qoyulmasıdır.

“Əgər inhisarçılığa son qoyularsa, rəqabət gücləndirilərsə, bu sahədə azad rəqabət mühiti yaradılarsa, bütün bunlar dərmanların həm qiymətinə, həm də keyfiyyətinə öz təsirini göstərmiş olacaq. Bir faktı da qeyd edim ki, qardaş Türkiyə ilə müqayisədə heç bir əlavə xərclər dərmanların qiymətini bu qədər artıra bilməz. Bəzi dərmanların qiymətində o qədər xərclər var ki, səfərə gedəndə tanıyan, bilən zəng edərək xahiş edir ki, filan dərmanı gətirə bilərsən?! Çünki həmin dərmanın ölkəmizdəki qiyməti ilə Türkiyədəkindən ciddi fərq var”, - komitə sədri vurğulayıb.

Q.Paşayeva eyni zamanda Dövlət Gömrük Komitəsinə çağırış edib: “Onsuzda hər kəsin xarici pasportunda olan möhürləri görmək olur. Əgər bir insan ildə bir və ya iki dəfə xaricə gedirsə, deməli o, dərman alveri ilə məşğul ola bilməz. Belə insanlar özü və ailəsi üçün dərman gətirirsə, onlar gətirdiklərinə toxunmaq olmaz”.

Q.Paşayeva eyni zamanda hələ də əlliklik təyinatı olmayan qazilərin dərman vasitələrini ala bilməməklərindən danışıb: “Həmin qazilərə bildirilir ki, müalicə almalısan. Əllərində həkim resepti var, lakin əlillik təyinatları olmadığından YAŞAT Fondundan dəstək də ala bilmirlər. Ona görə də aidiyyəti dövlət qurumları hələ də əlliklik təyinatı edilməyən qazilərin dərman təminatı ilə bağlı məsələlərə mütləq baxsınlar. Çünki reseptdə yazılan dərmanların müəyyən qismi təxminən 400 manat pul tutur. Bu da orta aylıq əmək haqqı alan bir insanın aylıq maaşından da çoxdur”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu