Macarıstan Ukraynadan məhsul idxalına qadağaları genişləndirib
Macarıstan ölkəyə idxalı qadağan olunacaq Ukrayna kənd təsərrüfatı məhsullarının siyahısını genişləndirib.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Macarıstan baş nazirinin ofisinin rəhbəri Gerqeli Qulyaş məlumat verib. Yeni qərarla Ukraynadan bal və müxtəlif ət məhsullarının idxalı qadağan edilib.
“Qadağa ümumilikdə 25 məhsulu əhatə edir ki, bunlardan ən mühümləri dənli bitkilər, kolza və günəbaxan tumları, un, yağ, bal və bəzi ət məhsullarıdır”, - Qulaş bildirib.
Xatırladaq ki, Macarıstanın kənd təsərrüfatı naziri İştvan Nagy belə bir addım atmağa çağırdıqdan sonra hökumət qadağanın genişləndirilməsini elan edib. Nagy həmçinin bildirib ki, Macarıstan bu yüklərə əlavə nəzarət təmin etməklə Ukraynanın kənd təsərrüfatı məhsullarının tranzitinə icazə verəcək.
Qadağa bu il iyunun 30-dək tətbiq edilir.