Ayda bitki yetişdirməyin üsulu kəşf edildi
Beynəlxalq alimlər qrupu Ayda bitki yetişdirməyin yollarını kəşf edib.
AFN.az xəbər verir ki, tədqiqat "Engineering & Technology" jurnalında dərc olunub. Elm adamlarının fikrincə, Yerin təbii peykinin səthi bitki yetişdirmək üçün yararsız olan reqolitlə örtülüb. Digər tərəfdən, Aya torpaq və gübrə göndərmək çox baha başa gələcək, ona görə də tədqiqatçılar alternativ üsullar tapıblar. Mütəxəssislər sellüloza əsaslı substratdan və hidroponik yetişdirmə üsulundan istifadə etməyi təklif ediblər.
Alimlərin fikrincə, bitki tullantılarından alınan substrat avadanlığın təhlükəsiz daşınması üçün izolyasiya materialı kimi uyğun olacaq və daha sonra ondan müxtəlif bitkilərin yetişdirilməsi üçün istifadə oluna bilər.
Həmçinin, mütəxəssislər pomidor, xiyar, çiyələk və kahı yetişdirmək üçün hidroponikadan istifadə etməyi təklif ediblər. Tədqiqatın müəllifi Qalina Simonsenin sözlərinə görə, Ayın qütb bölgələrində 600 milyard kiloqramdan çox buz var ki, onların bir hissəsi əridilib kənd təsərrüfatında istifadə oluna bilər. Prosesdə bitkilər astronavtların sidiyindən təcrid olunmuş faydalı maddələrlə mayalana bilər.