Tərtərdə mina partlayışında 3 nəfər ölüb, cinayət işi başlanılıb - YENİLƏNİB


Xəbər verildiyi kimi aprelin 28-də Tərtər rayonunun Talış kəndi ərazisində mina partlayışı nəticəsində 3 nəfər şəxsin ölməsi faktına görə cinayət işi başlanıb.


Baş Prokurorluqdan AFN.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı partlayış nəticəsində zərərçəkmiş şəxslərin "RPS Energy Ltd." şirkətinin əməkdaşları - 1981-ci il təvəllüdlü Səxavət Gözəlov, 1982-ci il təvəllüdlü Nadir Yusifov və 1996-cı il təvəllüdlü Fərid Sədiyev olması müəyyən edilib.

Həmçinin bildirilir ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 298 nəfər mina qurbanlarından 54 nəfər həlak olub, 244 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

***

Tərtərdə mina partlayışı ilə bağlı cinayət işi başlanılıb.


Bu barədə AFN.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Aprelin 28-i Tərtər rayonunun Talış kəndindən Tapqaraqoyunlu kəndi istiqamətində olan ərazidə mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı qeyd olunan ərazidə tank əleyhinə minanın partlaması nəticəsində 3 nəfərin ölməsi müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Əlavə məlumat veriləcək.

***

Tərtər rayonunda mina partlayıb, ölənlər var.


Bu barədə AFN.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.

Məlumata görə, Tapqaraqoyunlu istiqamətində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.

Tank əleyhinə minanın partlayışı nəticəsində "RPS Energy Ltd." şirkəti ilə çalışan Yusifov Nadir Pənah oğlu, Gözəlov Səxavət İsmayıl oğlu və Sədiyev Fərid Mehman oğlu həlak olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu